[b]“Bu, bizə baha başa gəldi” - Killian Şeridan[/b]
21.07.2017 - 13:12
[b]“Bu, bizə baha başa gəldi” - Killian Şeridan[/b]

“Belə ağır matçdan sonra özünü yaxşı hiss edə bilərsən. Ancaq deyə bilmərsən ki, bu cür çətin oyun gözləmirdim”. Apasport.az saytının məlumatına görə, bunu “Yagelloniya”nın hücumçusu Killian Şeridan deyib.

 

Polşa təmsilçisi Avropa Liqasının II təsnifat mərhələsi çərçivəsində öz meydanında “Qəbələ”yə məğlub olaraq (0:2) mübarizəni dayandırıb.

 

Qarşılaşma ilə bağlı fikrini bölüşən irlandiyalı forvard Bakıda qaçırdıqları şanslara görə hələ də məyusluq keçirdiklərini söyləyib: “Bakıdakı ilk qarşılaşmada qələbə qazanmaq üçün yaxşı şans əldə etmişdik. Ancaq rəqibin güclü komanda olduğunu da görürdük. İlk oyunda istifadə edə bilmədiyimiz qol imkanları bu gün bizə baha başa gəldi. “Qəbələ”nin burda vurduğu ilk qol onları növbəti mərhələyə xeyli yaxınlaşdırdı. Bu gün də şanslarımız oldu. Ancaq top sanki bizə qulaq asmırdı. Əvəzində rəqibin ilk qolda bəxti gətirdi. Bunun ardından onlar özlərini yaxşı hiss etdilər, bir neçə imkan yaxaladılar. Ancaq biz Bakıdakı qarşılaşmada birinci qoldan sonra bunun ardını gətirə bilmədik”.

 

Qeyd edək ki, bu komandalar arasında Bakıda keçirilmiş ilk görüşdə bərabərlik (1:1) qeydə alınmışdı.

0