[b]“Nə baş verdiyini dərk edə bilmirdim” - Viktor İqbekoyi[/b]
21.07.2017 - 13:57
[b]“Nə baş verdiyini dərk edə bilmirdim” - Viktor İqbekoyi[/b]

“Zirə”nin yarımmüdafiəçisi Viktor İqbekoyinin apasport.az saytına müsahibəsi

 

- Avropa Liqasının II təsnifat mərhələsinin cavab matçında “Astra” ilə qolsuz bərabərə qaldınız. Bu qədər qol epizodu yaradan komandanın qələbə qazana bilməməsini necə izah etmək olar?

- Bunu heç kim izah edə bilməz, “futbolun gözəlliyidi” demək olar. Qol epizodları yaratdıq, bunu rallaşdıra bilsəydik, indi fərqli emosiyaların hakim kəsildiyi mühitdə söhbətləşəcəkdik. Bilmirəm nə deyim, fakt odu ki, oyun başa çatıb və biz mübarizəni dayandırmışıq.

 

- Çox tələsirdiniz. Tələskənlik də əksər hallarda işə mane olur. Rəqib isə çox soyuqqanlı idi...

- Səfərdəki matçın nəticəsi bizi qol vurmağa məcbur edirdi. Ən azı 2 top fərqi ilə qələbə qazanmalı idik. Buna görə də xoşbəxtliyi rəqib qapısı qarşısında axtarırdıq. Baş məşqçimiz bizi irəli çıxmağa səsləyirdi. Taktikamız da belə qurulmuşdu. Ona görə də topu ələ keçirən kimi, dərhal rəqib cərimə meydançası haqda düşünürdük.

 

- Bəs feyr-pley qaydasını niyə pozdunuz?

- Həmin epizodu anlaya bilmədim. Çünki baş məşqçimiz deyirdi ki, irəli gedin, ötürmə edin. Nə baş verdiyini dərk edə bilmirdim. Rəqib də vaxtı bilərəkdən “yeyirdi”. Hər xırda toxunuşla və ya oyun davam edən zaman qəsdən yıxılırdılar ki, vaxt qazansınlar.

 

- Cavab oyunundakı “Zirə” niyə ilk matçda da belə oynamadı? Bəlkə rəqibin adı sizi qorxutdu?

- Qətiyyən rəqibin adından, təcrübəli olmağından çəkinmirdik. Düzdü, “Astra” yaxşı təşkilatlanmış komandadı. Onların avrokubok təcrübəsi çoxdu. Yenə deyirəm, bunu nəzərə alıb qorxsaq, onda meydana çıxmamalı idik. Bizim də yaxşı kollektivimiz var. Bütün komandalar bu yarışa qatılanda məqsədi uğur qazanmaq, mərhələ adlamaqdı.

 

- Bu 4 oyun “Zirə”yə nə qazandırdı?

- Təcrübə qazandıq. İlk dəfə belə yarışda iştirak edən komanda ikinci mərhələdə dayandı. Builki təcrübəmiz növbəti illərdə köməyimizə çatacaq.

 

- Nəticəni “Zirə” üçün normal hesab edirsiniz?

- Əlbəttə, debütant üçün yaxşı nəticədi. Öz meydanımızda heç bir oyunu uduzmadıq, mümkün qədər ölkənin reytinq xallarını artırdıq.

 

- Əvəzlənməyiniz yorğunluqla bağlı idi?

- Xeyr, yorulmamışdım, heç zədəm də yox idi. Baş məşqçi kənardan daha yaxşı görür. Əvəzlənməyimi lazım bildi və qərar verdi.

 

- Bundan sonra diqqət çempionata yönələcək?

- Avropa Liqası artıq başa çatdı. İndi çempionata hazırlaşmalıyıq. Məqsədimiz də yenidən Avropa Liqasına vəsiqə qazanmaq olmalıdı. Bunun üçün mübarizə aparmalı, “vuruşmalıyıq”.

0