[b]“Mükafatlarımızın sayı artan templə davam edir”[/b]
05.09.2017 - 14:59
[b]“Mükafatlarımızın sayı artan templə davam edir”[/b]

Bu gün Gənclər və İdman Nazirliyində Cənubi Koreyanın Muju şəhərində keçirilmiş dünya çempionatında 2 medal qazanan taekvondo millimiz və Taypeydə təşkil olunan tələbələrin 29-cu Dünya Yay Universiadasında 8 medala sahib olmuş yığmamızla görüş keçirib. Apasport.az saytının məlumatına görə, tədbirdə Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri Fərid Mansurov, taekvondo, cüdo və atletika yığma komandalarımızın məşqçilər korpusu, idmançılar iştirak ediblər.

 

Mansurov hər iki yarışda yığmalarımızın çıxışını uğurlu adlandırıb. Onun sözlərinə görə, qazanılan hər bir nəticədə məşqçilərin, federasiyaların da dəstəyi yüksəkdi: “Bununla kifayətlənməyib, belə də davam etməliyik”.

 

Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Nağı Səfərov komandamızın yarışlarda ümidləri doğrultduğunu deyib. O bildirib ki, dünya çempionatında 2, Universiadada 5 medal qazanan millimiz daha yaxşı nəticə göstərmək gücündədi: “Medallarımızın sayı daha çox ola bilərdi. Dünya çempionatında 1 qızıl və 1 gümüş medal da böyük nəticədi. Sevindirici haldı ki, mundialda mükafatlarımızın sayı artan templə davam edir. Komandamızı qarşıda Qran-pri turniri də gözləyir”.

 

Taypeydə Azərbaycan nümayəndə heyətinin rəhbəri olmuş nazirliyin şöbə müdiri Aydın Məmmədov da komandamızın çıxışına qiymət verib. O bildirib ki, atlet Anna Skidan və ağırlıqqaldıranlarımız ümidləri doğrultmasalar da, ümumi nəticəni qənaətbəxş hesab etmək olar.

 

Azərbaycan Taekvondo Federasiyasının böyük məşqçisi Rəşad Əhmədov isə taekvondoçularının son yarışlarındakı uğurlarından söhbət açıb. Onun sözlərinə görə, qarşıdakı yarışlarda mükafatların sayını artırmağa çalışacaqlar.  

Taypeydə cüdo komandamızın baş məşqçisi olmuş Azər Şıxəlizadə isə yalnız 1 idmançımızın medal qazanmamağına təəssüflənib: “Biz istəyirdik ki, 3 idmançımızın hər biri medal qazansın. Lakin 1 qızıl və 1 bürünc mükafata sahib olduq”. 

 

Universiadanın qızıl mükafatçısı Nazim Babayev də ili özü üçün uğurlu adlandırıb. O bildirib ki, qatıldığı yarışlarda çempion olduğu üçün şaddı: “Etimadı doğrultmağa çalışdım və belə də davam edəcəm”. 

 

Universiadanın bürünc medalçısı Firudin Dadaşov bildirib ki, böyüklərlə birgə təlim-məşq toplanışında olmaları uğurlarında böyük rol oynanıb. O qeyd edib ki, komandada hər bir cüdoçu medal qazanmaq gücündə olsa da, sonda 2 mükafata yiyələniblər: “Belə görüşlər bizi ruhlandırır və əlavə stimul verir. Çalışacağıq ki, növbəti yarışlarda da bunu davam etdirək”.

 

Digər cüdoçumuz Zelim Kotseyev hədəflədiyi qızıl medalı qazandığı üçün şad olduğunu bildirib. O, qarşıdakı yarışlarda da iddialı olacağını söyləyib. 

 

Taekvondoçular Məhəmməd Məmmədov və Ayxan Tağızadə də qarşıdakı yarışlarda nəticələrini yaxşılaşdıracaqlarına söz veriblər. İslam Həmrəyliyi Oyunlarının ardınca dünya çempionatı və Universiadada da qızıl medal qazanan Milad Beiqi Harçeqeni isə məşqçilər korpusuna təşəkkür edib. O qeyd edib ki, məqsədi növbəti yarışlarda da daima zirvədə qalmaqdı.

 

Beiqi medal qazana bilməyən idmançılara da dəstək olub. O deyib ki, daima hər bir idmançının yanında olmaq lazımdı: “Belə olduğu halda, onlar özlərini daha yaxşı tərəfdən göstərirlər”.

0