[b]Cibdə atılan püşk[/b]
22.09.2017 - 10:27
[b]Cibdə atılan püşk[/b]

AFFA-nın təşkil etdiyi uşaq liqalarında yeni mövsüm start götürüb. Artıq ilk oyunlar keçirilib və nəticələr də məlumdu.

 

Futbolinfo.az xəbər verir ki, hələlik 3 liqada oyunlar başlayıb. İştirakçıların siyahısına baxdıqda aydın olur ki, həm Premyer Liqada, həm də I divizionda komanda sayının azalması bu yarışlara da təsir edib.

 

Hazırda Gənclər Liqası adlanan 19 yaşlıların mübarizəsinə 9 kollektiv qoşulub. Ötən il bu yarışda 12 komanda mübarizə aparırdısa, hazırda elita təmsilçilərinin bu yaşdakı kollektivlərinə kənardan yalnız “Neftçi” İK İB qatılıb. 9 komandalı yarışda hər tur bir iştirakçı istirahət edəcək.

 

Ötən mövsüm 13 komandanın yarışdığı U-17 liqasında indi 12 kollektiv var. 8 elita klubuna “Neftçi” İK İB və “Xəzər Lənkəran” da qoşulub. Diviziondan yalnız “Mil-Muğan” və “Ağsu”nun yarışda olması digər aşağı dəstə təmsilçilərindəki vəziyyətə də güzgü tutur.

 

U-16 liqasında da hər tur bir komanda istirahət edəcək. Buna səbəb ötən mövsüm 12 komandanın mübarizə apardığı liqada iştirakçı sayının azalmasıdı. Bütün yarışlara komanda buraxan “Neftçi” İK İB 8 elita klubu kimi ənənəyə sadiqdisə, digər 2 yeri diviziondan “Vətən” və “Turan” tutur.

 

Ən qəribə olan odur ki, bu yarışların təbliğatı yenə ən aşağı səviyyədədi. Bu yarışı təşkil edən departamentin rəhbəri Yusif Vəliyev o qədər güclü marketoloqdu ki, hətta çempionatın püşkünü də cibində atıb və sinədəftər təqvim hazırlayıb. İştirakçılar püşkatmaya dəvət olunmayıb, təqvim də AFFA-dakıların ürəyi istədiyi tərtib olunub. Qarşıdakı günlərdə başlayacaq digər liqalarda da eyni “praktika”dan istifadə olunub.

futbolinfo.az

0