[b]“Bu qərarlar mənə də maraqlı gəldi” - MÜSAHİBƏ[/b]
16.10.2017 - 15:23
[b]“Bu qərarlar mənə də maraqlı gəldi” - MÜSAHİBƏ[/b]

“Neftçi” klubunun yarımmüdafiəçisi Namiq Ələsgərovun apasport.az saytına müsahibəsi

 

- Premyer Liqanın VIII turunda “Səbail” üzərində 4:0 hesablı qələbə qazandınız. Belə asan oyun gözləyirdinizmi?

- Deməzdim ki, asan oldu. Qələbə qazanmaq üçün çox çalışdıq. Hesab edirəm ki, yaxşı çıxış etdik. Komanda yavaş-yavaş özünə gəlir. Artıq öz oyunumuzu tapırıq.

 

- Birinci dövrədə “Səbail” sizi məğlub etmişdisə, bu dəfə rəqibin qapısından 4 cavabsız top keçirdiniz. Bu iki oyun arasındakı vaxtda nə kimi dəyişikliklər oldu ki, belə inamlı çıxış etdiniz?

- Futbolçularda artıq özünəinam var, hamı meydanda rahat oynayır. Komandada hərtərəfli dəyişiklik olub. Baş məşqçimiz Tərlan Əhmədov bunda böyük rol oynayır. Hər şey ürəyimizcə gedir.

 

- Boş tribunalar önündə oynamaq çətin deyil?

- Düşünürəm ki, “Dalğa Arena” şəhərdən uzaq olduğu üçün az azarkeş gəlmişdi. Tam boş demək də olmaz. Sağ olsunlar, gəlib bizi dəstəklədilər. Onlara minnətdarlığımızı bildiririk. İnanıram ki, öz meydanımızdakı oyunlarda bizi daha çox azarkeş dəstəkləyəcək. Əlbəttə ki, həmişə dolu tribunalar önündə oynamaq istəyərdik.

 

- Tez-tez oyundankənar vəziyyətdə yaxalanırdınız. Buna görə yan xətt hakimindən də narazılıq bildirirdiniz...

- Həqiqətən də, yan xətt hakimi bayrağı çox qaldırdı. Məncə, bəzi epizodlarda ofsayd yox idi. Bu qərarlar mənə də maraqlı gəldi. Həmin epizodların təkrarına evdə baxacam.

 

- “Neftçi”nin əsl gücü bu idi, yoxsa daha yaxşısını gözləməyə dəyər?

- İnanıram ki, oyundan-oyuna daha güclü “Neftçi” izləyəcəksiniz. Məşqlərdə var gücümüzlə çalışırıq ki, oyun səviyyəmizi artıraq. Baş məşqçi hələ yenidi. Bu üzdən daha yaxşısını gözləməyə dəyər.

 

- Öz oyununuzdan necə, razı qaldınızmı?

- Təəssüf ki, bu gün qol vura bilmədim. Doğrudu, tam formada olduğumu deyə bilmərəm. Ancaq get-gedə daha yaxşı çıxış etməyə çalışıram.

 

- Ardıcıl 2-ci qələbənizi qazandınız. Artıq yüksəlişə keçdiyinizi demək olarmı?

- Sərgilənən oyun və əldə edilən nəticə belə deməyə əsas verir. Son iki matçda qalib gəlmişik. Qarşıdan “Kəpəz” və “Sumqayıt”la matçlar gəlir. Daha da irəliləmək üçün hər iki görüşdə maksimum nəticəni hədəfləmişik.

 

Ruslan SADIQOV

0