[b]Vahabzadə mərkəzi görüşü dəyərləndirdi: Favorit “Qarabağ”dı[/b]
20.10.2017 - 14:00
[b]Vahabzadə mərkəzi görüşü dəyərləndirdi: Favorit “Qarabağ”dı[/b]

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin sabiq baş məşqçisi Yaşar Vahabzadə apasport.az saytına müsahibəsində Azərbaycan Premyer Liqasının IX turunda keçiriləcək “Qəbələ” – “Qarabağ” (22 oktyabr) matçını dəyərləndirib.

 

- Premyer Liqanın növbəti turunda “Qəbələ” “Qarabağ”ı qəbul edəcək. Son 2-3 ildən fərqli bu dəfə ajiotaj yoxdu. Bunun səbəbini nədə görürsünüz?

- Əvvəla “Qarabağ”ı Çempionlar Liqasındakı gözəl oyun münasibətilə təbrik edirəm. Son 2-3 ildi çempionatımıza iki komanda dominantlıq edir. Bunlar da “Qarabağ”la “Qəbələ”di. Bu üzdən maraqlı mübarizə gözləyirik. Biz “Qəbələ”ni hücum futbolu oynayan komanda kimi tanıyırıq. “Sumqayıt”la ötən tur matçında isə əsasən müdafiədən çıxış etdilər. Onlarda eniş olduğu görünür. Ancaq yenə də “Qəbələ” çempionatın ən güclü iki komandasından biridi.

 

- “Qəbələ” bu mövsüm sanki öz oyununu göstərə bilmir...

- “Qəbələ”də aparıcı oyunçuların zədələnməsi, bəzilərinin formadan uzaq düşməsi oyuna da təsirsiz ötüşmür. Amma düşünürəm ki, onlar “Qarabağ”la görüşə yaxşı köklənəcəklər. Üstəlik, “Qarabağ”da bəzi futbolçulara istirahət verilə bilər. Ancaq bunu da ikinci heyət saymaq doğru olmaz. Demək olar ki, eyni gücdə heyətdi.

 

- Doğrudu, hələ mövsümün əvvəlidi və xal fərqi böyük deyil. Bununla belə, sizə elə gəlmir ki, “Qarabağ” çox rahat, rəqibsiz irəliləyir?

- Açığı, “Qarabağ” bütün komandalardan üstün görünür. “Qəbələ”nin eniş yaşamasının əsas səbəblərindən biri də komandanın Avropa Liqasında qrupa düşə bilməməsidi. Məncə, bu, futbolçulara psixoloji cəhətdən təsir etdi.

 

- “Çelsi”, “Roma”, “Atletiko” kimi rəqiblərlə yüksək tempdə mübarizə apardıqdan sonra çempionat matçları “Qarabağ” üçün sanki daha da asanlaşıb...

- “Qarabağ” artıq neçə ildi çempionata dominantlıq edir. Amma Premyer Liqa matçlarının da öz yeri var. Çempionlar Liqasına yollanmaq üçün burda yaxşı çıxış edib, birinci yeri tutmalısan. Amma bu fikirlə razıyam ki, Çempionlar Liqasında o tempdəki mübarizədən sonra çempionatda oynamaq “Qarabağ” üçün çətin olmayacaq. Bu, komandanın işini asanlaşdırır. Amma onların itkiləri də var. Məsələn, Bədavi Hüseynov oynamayacaq və yəqin ki, bəzi futbolçulara da istirahət veriləcək. “Qarabağ” hansı heyətlə meydana çıxmasından asılı olmayaraq, “Qəbələ” ilə oyunun favoritidi. Ancaq futbolda istənilən nəticə qeydə alına bilər.

 

- Belə demək olar ki, “Qəbələ” yenilərsə, çempionluq yarışından qopacaq?

- Çempionat hələ davam edir. Qarşıda 20 tur var. Təbii ki, “Qarabağ” turnir cədvəlində bir qədər uzaqlaşsa, sonradan bu fərqi aradan qaldırmaq asan olmayacaq. Amma istənilən halda, bir məğlubiyyətə görə həvəsdən düşmək olmaz, sona qədər mübarizə aparmaq lazımdı. Nəzərə alaq ki, “Qəbələ” ilə “Qarabağ” daha 2 dəfə üz-üzə gələcəklər.

 

- İlk 8 tura əsasən çempionatın səviyyəsini necə görürsünüz?

- Səviyyə o qədər də yüksək deyil. Amma maraqlı oyunlar olur. Belə matçların sayı artarsa, səviyyə də yüksələr.

 

- Razısınız ki, çempionat get-gedə zəifləyir?

- Zəifləyir deyəndə, necə var, elə də qalıb, 8 komanda çıxış edir. Komandalar arasında rəqabət fərqi var. Bu fərq bir az aradan qalxsa, balans düzəlsə, daha maraqlı çempionat izləyərik. Amma bu o demək deyil ki, bütün görüşlər aşağı səviyyədə olur. Elə “Sumqayıt”la “Qəbələ” arasındakı son qarşılaşma çox sürətli keçdi.

 

- Bu mövsüm hansı komandadan sürpriz gözləyirsiniz?

- Sürpriz deməyək, ancaq “Neftçi”dən çox şey gözləyirəm. Ötən mövsüm komanda aşağı pillələrdə qərarlaşırdı. Lakin bu mövsüm turdan-tura “artırdıqca”, turnir cədvəlinin yuxarı pillələrinə yüksələcək.

 

Ruslan SADIQOV

0