[b]Çingiz Hüseynzadə 3-cü dəfə vitse-prezident seçilib[/b]
20.11.2017 - 17:12
[b]Çingiz Hüseynzadə 3-cü dəfə vitse-prezident seçilib[/b]

İslam Həmrəyliyi İdman Federasiyası (İHİF) Səudiyyə Ərəbistanın Ər-Riyad şəhərindəki toplantısında 4 illik fəaliyyətinə yekun vurub. Apasport.az saytının məlumatına görə, bununla bağlı İHİF-in İcraiyyə Komitəsinin iclası olub.

 

Orada X Baş Assambleyanın gündəliyi və hesabat məruzələri təsdiq olunub. Bu gün isə İHİF-in Baş Assambleyası işinə başlayıb. Tədbirdə qurumun sədri Turki bin Abdulmohsen Al-Alsheix, İslam Əməkdaşlıq Təşkilatının baş katibi Zati-aliləri Yousef bin Ahmad Al-Otaimeen, İHİF-in vitse-prezidentləri Hamad Kalkaba Malbaum və Çingiz Hüseynzadə iştirak ediblər.

 

İslam Həmrəyliyi İdman Federasiyasının Baş Assambleyasının gündəliyində duran əsas məsələ təşkilatın dörd illik fəaliyyəti ilə bağlı hesabat olub. Hesabatda dörd il ərzində görülmüş işlər arasında Bakıda keçirilmiş IV İslam Həmrəyliyi Oyunlarının yüksək səviyyədə təşkili, onun İslam dəyərlərinin dünya miqyasında yayılmasındakı müstəsna rol oynaması, İslam ölkələri arasında dostluq və həmrəyliyin gücləndirilməsindəki önəmi xüsusi qeyd edilib.

 

Baş Assambleya təşkilatı 4 illik fəaliyyətinə yekun vurduqdan və növbəti 4 il üçün fəaliyyət istiqamətlərini müəyyənləşdirdikdən sonra İHİF-in İcraiyyə Komitəsinin üzvlərinin və rəhbərliyinin seçkisi olub. Toplantıda Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadənin təşkilatın vitse-prezidentliyinə namizədliyi irəli sürülüb və o, üçüncü dəfə İslam Həmrəyliyi İdman Federasiyasının vitse-prezidenti seçilib. 

0