[b]Rəşad Sadıqovu elə bir oyunda "vurdular" ki...[/b]
22.11.2017 - 21:28
[b]Rəşad Sadıqovu elə bir oyunda "vurdular" ki...[/b]

Çempionlar Liqasının qrup mərhələsinin V turunun bu gün keçirilən “Çelsi” ilə oyunu “Qarabağ”ın futbolçusu Rəşad Sadıqov üçün əlamətdar olub. Apasport.az saytının hesablamalarına görə, 35 yaşlı müdafiəçi üçün yubiley xarakteri daşıyıb.

 

Az əvvəl başlayan qarşılaşmaya çempionumuzu kapitan kimi çıxaran Rəşad avrokuboklarda 90-cı matçını keçirib. Qitə miqyaslı turnirlərdə ən çox matç keçirən azərbaycanlı futbolçu olan Sadıqov bu günə qədər 89 qarşılaşmada iştirak etmişdi.

 

Rəşadın avrokuboklarda debütü 2001/02 mövsümünə təsadüf edib. Həmin vaxt 19 yaşlı müdafiəçi “Neftçi”nin UEFA kubokunda “HİT Qoritsa” ilə duelində meydana çıxıb. 2001-ci il avqustun 9-dakı debüt qolsuz bərabərliklə nəticələnib.

 

Ümumiyyətlə, avrokuboklarda 3 komandada çıxış edib. O, qitə miqyaslı turnirlərdəki ilk klubu “Neftçi”də 18 oyun keçirib və 2 qol vurub.

 

Azərbaycan klubları ilə 85-ci avrokubok sınağına çıxan Rəşad digər oyunları “Qarabağ”da keçirib. Ağdam klubu ilə 67-ci belə görüşə çıxan müdafiəçi 5 qol vurub.

 

35 yaşlı veteran legioner kimi də avrokubok həyəcanı yaşayıb. Onun 90 oyunundan 5-i Türkiyə “Kayserispor”unun heyətində baş tutub.

 

Rəşad 90-cı oyununda 26-cı dəfə Çempionlar Liqası həyəcanı yaşayır. 54 dəfə Avropa Liqası (əvvəllər UEFA kuboku), 10 dəfə İntertoto kubokunda meydana çıxan müdafiəçi ümumilikdə 7 qol vurub. Bunlardan 6-sı Avropa Liqası, 1-i İntertoto kubokuna təsadüf edib.

 

Xatırladaq ki, müdafiəçi ilk hissənin ortalarında hakimin mübahisəli qərarına əsasən qırmızı vərəqə alıb. Yubileyində meydandan qovulan Sadıqov bununla da Çempionlar Liqasının qrupunu başa vurub. Çünki cəza üçündən “Roma” ilə səfər matçını buraxacaq. Bu da o deməkdi ki, Rəşad 91-ci oyunu üçün ən yaxşı halda 2018-ci ili gözləməlidi.

0