[b]1/4 finalda revanş arzuları[/b]
09.12.2017 - 15:02
[b]1/4 finalda revanş arzuları[/b]

Azərbaycanda 2017-ci ilə ölkə kubokunun 1/4 final mərhələsinin oyunları ilə yekun vurulacaq. Apasport.az saytının məlumatına görə, sabah bu mərhələdə mübarizəyə start veriləcək.

 

İlk olaraq, Premyer Liqanın autsayderləri “Keşlə” ilə “Kəpəz” meydana çıxacaqlar. Mövsümün gedişində baş məşqçisini dəyişən və çempionatda işləri yolunda getməyən komandalar yarımfinala adlamaq üçün əla imkan əldə ediblər. Çünki hər iki klub bir-birinə münasib rəqib gözü ilə baxır. Maraqlıdı ki, bu komandalar ötən mövsüm də eyni mərhələdə qarşılaşmış və bakılılar yollarına davam etmişdilər.

 

Mərhələnin ən maraqlı cütlüyü 16:00-da ilk duelinə çıxacaq. Premyer Liqada ilk “3-cük”də qərarlaşan “Zirə”dən fərqli, “Neftçi” üçün kubokda sona qədər irəliləmək daha önəmlidi. Qış fasiləsinə 6-cı pillədə yollanan paytaxt təmsilçisi Avropa Liqasına vəsiqə şansını riskə atmamaq üçün ilk olaraq “Zirə”ni mübarizədən kənarlaşdırmalıdı. Ayxan Abbasovun kollektivi isə ötən mövsümün 1/4 final mərhələsindəki məğlubiyyətin revanşını almağa çalışacaq.

 

Son finalçı “Qəbələ” yarımfinala adlamaq şansı ən yüksək olan komandadı. Çünki “qırmızı-qaralar” Premyer Liqanın debütantı “Səbail”ı sınağa çəkəcək. Çempionatda liderin ən yaxın izləyicisi olan Roman Qriqorçukun yetirmələri kubokda cütün taleyini cavab görüşünə saxlamaq niyyətində deyillər.

 

Ölkə kubokunun son qalibi “Qarabağ” isə ardıcıl 3-cü dəfə bu mərhələdə “Sumqayıt”la üz-üzə gələcək. Bu mənada “gənclik şəhəri” təmsilçisi bəxtindən gileylənə bilər. Çünki ağdamlılar əvvəlki mövsümlərdə olduğu kimi, yenə yarımfinala daha yaxın görünür. Ancaq “Sumqayıt”ın da asan təslim olmaq fikri yoxdu.

 

 

Azərbaycan kuboku

1/4 final mərhələsi, ilk oyunlar

 

10 dekabr (bazar)

 

14:00. “Keşlə” – “Kəpəz”
Hakimlər: Rauf Cabbarov, Elman Musayev, Cavanşir Yusifov, Fariz Yusifov
AFFA nümayəndəsi: Rauf Hüseynli
Hakim-inspektior: Murad Məmmədov
“İnter Arena”

 

16:00. “Zirə” – “Neftçi”
Hakimlər: İnqilab Məmmədov, Yaşar Abbasov, Nahid Əliyev, Orxan Məmmədov
AFFA nümayəndəsi: Abas Hüseynov
Hakim-inspektor: Şahin Cəfərov
Zirə İdman Kompleksinin stadionu

 

11 dekabr (bazar ertəsi)

 

16:00. “Qəbələ” – “Səbail”
Hakimlər: Rəvan Həmzəzadə, Rza Məmmədov, Vüsal Qənbərov, Elvin Əsgərov
AFFA nümayəndəsi: Eldar Qasımov
Hakim-inspektor: Rövşən Əhmədov
Qəbələ şəhər stadionu

 

19:00. “Qarabağ” – “Sumqayıt”
Hakimlər: Ramil Diniyev, Vüqar Bayramov, İsgəndər Əliyev, Rəhim Həsənov
AFFA nümayəndəsi: Sakin Məmmədzadə
Hakim-inspektor: Əli Hüseynov 
“Azersun Arena”

 

Qeyd edək ki, oyunlar “CBC Sport” kanalı vasitəsilə canlı yayımlanacaq.

 

0