[b]“…asanlıqla mərhələ adlayacağıq” – “Neftçi”nin qapıçısı[/b]
11.12.2017 - 00:01
[b]“…asanlıqla mərhələ adlayacağıq” – “Neftçi”nin qapıçısı[/b]

“Zirə” ilə kubok oyununun 86-cı dəqiqəsinə qədər qapısını toxunulmaz saxlayan “Neftçi”nin “çərçivə qoruycu”su Rəşad Əzizli David Manqanın vuruşuna mane ola bilmədi. Oyundan sonra qolkiper apasport.az saytının əməkdaşının da suallarını cavablandırıb.

 

- Sona 4 dəqiqə qalmış təslim oldunuz. Oyunla bağlı qeyd etmək istədiyiniz məqamlar varmı?

- Üstünlük bizim komandada idi. Sadəcə, sona yaxın buraxdığımız qoldan sonra toparlanmaq çətin oldu. Heç nə bitməyib. İkinci matçımız var və mərhələni “Neftçi”nin keçəcəyinə inanıram.

 

- Buraxdığınız qolda qapıçının nə qədər səhvi var idi?

- Qapıçının səhvi olduğunu deməzdim.

 

- Tuta bilərdiniz?

- Bütün topları tutmaq olar. Topun tirə dəyib qapıya daxil olması bəxtsizlik idi. Çox çətin vəziyyətdi. Bəlkə də tutmaq olardı. Oyuna baxacam, analiz edəcəm. Səhvim varsa, görəcəm.

 

- Topun trayektoriyasını tuta bilmədiniz, yoxsa zərbəyə hazır deyildiniz?

- Top qəribə trayektoriya ilə gəldi. Sanki havaya qalxdı və qəfildən endi. Baxacam, görüm səhvim nə hardadı.

 

- Baş məşqçi Tərlan Əhmədov üçüncü qapıçıya ehtiyac olduğunu deyib. Yeni transferin nəzərdə tutulması sizi narahat etmir?

- Bu baş məşqçinin qərarıdı. Kimsə onun işinə qarışa bilməz. Qapıçı lazımdırsa, buyursunlar. Rəqabətdən qorxmuram, çəkinmirəm.

 

- İkinci oyunu “Neftçi” məcburiyyətdən hücumda keçirməli olacaq. Necə düşünürsüz, məqsədə çatmaq mümkün olacaqmı?

- Öz oyunumuz oynayacağıq. Bu gün dəyərləndirə bilmədiyimiz epizodlardan maksimum düzgün istifadə etməliyik. Əgər bunu edə bilsək, asanlıqla mərhələ adlayacağıq.

 

- Müdafiə xəttində təcrübəli, amma ləng hərəkət edən futbolçular yer almışdı. Belə vəziyyət qapıçı üçün çətinlik yaratmır?

- Ağır oyunçular olsa da, təcrübələri ilə çox kömək edirlər. Kirill zədəli olduğuna görə, seçim belə oldu. Ancaq hər ikisi öz işlərini görürlər.

0