[b]Millinin “qızıl dubl” edən yeni baş məşqçisi[/b]
13.12.2017 - 13:20
[b]Millinin “qızıl dubl” edən yeni baş məşqçisi[/b]

17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının yeni çalışdırıcısı Ramin Quliyev məşqçilik fəaliyyətinə “Qəbələ”də başlayıb. Apasport.az saytı xəbər verir ki, vaxtilə “Şəfa”, “Bakı”, “Neftçi”, “Olimpik” və “Standard” klublarında çıxış etmiş, millidə 18 oyun keçirmiş sabiq müdafiəçi futbolçu karyerasını 2011-ci ildə bitirib.

 

2013/14 mövsümündə “qırmızı-qaralar”ın U-12 komandasına gümüş medallar qazandıran məşqçi daha sonra əsas komandada Dorinel Muntyanunun istefasından sonra baş məşqçi vəzifəsini icra edən Sənan Qurbanovun köməkçisi funksiyasını yerinə yetirib. 2014/15 mövsümündə isə “Qəbələ”nin U-17 komandasını çalışdıran mütəxəssisin başçılıq etdiyi kollektiv həm U-17 Liqası, həm kubokunun qalibi olub, “qızıl dubl”la yadda qalıb.

 

Daha sonra “Qəbələ”nin əvəzedici heyətinə rəhbərlik edən Quliyev yenə çempionluq sevinci yaşayıb. Ötən ilin yayında isə “Qəbələ”nin əsas komandasının baş məşqçisi Roman Qriqorçukun köməkçilərindən biri təyin olunub.

 

Hazırda PRO kateqoriyalı məşqçi kurslarına qatılan 36 yaşlı Quliyev 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasında Mirbağır İsayevi əvəzləyib.

0