[b]Millimizin üzvü şərt qoydu, hesabına 1 milyon köçürüldü[/b]
14.12.2017 - 12:26
[b]Millimizin üzvü şərt qoydu, hesabına 1 milyon köçürüldü[/b]

Keçən il milliləşdirilərək, Azərbaycan yığmasına cəlb olunan Dəniz Yılmazla formasını geyindiyi “Bursaspor” klubu arasında problem yaşanıb. Apasport.az saytı Türkiyə mətbuatına istinadən xəbər verir ki, 29 yaşlı futbolçu ölkə kubokunda “Adanaspor”la matçdan (2:0) sonra rəhbərliyi komandadan ayrılmaqla təhdid edib.

 

Buna Superliqa təmsilçisində maaşların gecikdirilməsi səbəb olub. “Adanaspor”la görüşdəki zəif oyununa görə tənqid olunan hücumçu əsəbiləşərək, vəkili vasitəsilə kluba xəbərdarlıq məktubu göndərib. “Ağ-yaşıllar”dan 1 milyon lirəyə yaxın (təxminən 446 min manat) alacağını istəyən Yılmaz gün ərzində həmin məbləğin hesabına köçməyəcəyi halda, müqaviləsinə birtərəfli xitam verəcəyini və azad agent statusuna yiyələnəcəyini bildirib.

 

Millimizin üzvü istəyinə çatıb. Belə ki, bursalılar maliyyə “Fair-Play” qaydalarını pozmamaq üçün dünən axşam saatlarında hərəkətə keçiblər. Klubun büdcəsi kasad olduğundan, rəhbərlik təcili nəğd pul axtarışına çıxıb. Yekunda Dəniz Yılmaza olan borc onun bank hesabına köçürülüb.

 

Maddi çətinliklə üzləşdiyi bir məqamda klubun belə bir problem yaşaması “Bursaspor” prezidenti Ali Ayı özündən çıxarıb. O, futbolçulara maaşların gec veriləcəyini dedikləri halda, Yılmazın bu cür davranmasına qəzəblənib. Adı tez-tez qalmaqalla gündəmə gələn Dənizin bu hadisədən sonra “Bursaspor”da qalmayacağı dəqiqləşib. Rəhbərlik 2019-cu ilin mayına qədər müqaviləsi olan futbolçunu başqa kluba satmaq üçün qış “transfer pəncərəsi”nin açılmasını gözləyir.

 

Qeyd edək ki, Dəniz Yılmaz Azərbaycan yığmasının sabiq baş məşqçisi Robert Prosineçki ilə də problem yaşamamışdı. Bu səbəbdən xorvatiyalı çalışdırıcı onu millinin son oyunlarına dəvət etməmişdi.

 

 

0