[b]“Türkiyədən 2 təklif alsam da...” - millimizin üzvü[/b]
17.01.2018 - 14:23
[b]“Türkiyədən 2 təklif alsam da...” - millimizin üzvü[/b]

“Kiçik yaşımdan “Bursaspor”u izləyirəm. Türkiyədə çempion olan 5 komandadan biridi və böyük klubdu. Həmçinin kumirim Pablo Batalya da orda çıxış edir. Belə yerdə oynamaq şansım yarandığı zaman qısa müddət ərzində müqavilə bağlamaq istədim”. Apasport.az saytının məlumatına görə, bunu Azərbaycanın gənclər millisinin yarımmüdafiəçisi Ozancan Kökcü deyib.

 

Qış fasiləsində “Bursaspor”dan icarə əsasında “Valveyk”ə yollanan gənc futbolçu Hollandiya mətbuatına danışıb. Kökcü Türkiyə klubundan ayrılmağını oynamaq istəyi ilə əlaqələndirib: “Bursaspor” Türkiyənin ən gənc komandasıdı və futbolçuların inkişafına kömək edir. Bu da mənim üçün bir şans idi. Ötən mövsüm “Bursaspor” yüksək liqada qalmaq uğrunda mübarizə aparırdı. Komandada baş məşqçi dəyişikliyi oldu və yeni çalışdırıcı gənclərə çox güvənmədi. Oyunlara çıxmırdım, inkişaf etmək mümkün deyildi. Bu səbəbdən də orda qalmağın bir mənası yox idi”.

 

U-21 millimizin üzvü yenidən “Bursaspor”a qayıtmaq arzusunda olduğunu da gizlətməyib: “Türkiyədə 2 klubdan təklif alsam da, “Valveyk”i seçdim. Yenidən Hollandiyaya qayıtmaq çox gözəldi. Türkiyədə gözəl həyat yaşadım. Amma tək qalırdım. 18 yaşda isə tək yaşamaq asan deyil. Özümü inkişaf etdirmək üçün bura gəldim. Ümid edirəm ki, “Valveyk”də nəsə edə bilərəm. Özümü yaxşı tərəfdən göstərə bilsəm, yenidən “Bursaspor”a qayıtmaq şansım yaranar. Ora dönüb, əsas komandada müntəzəm oynamaq üçün əlimdən gələni edəcəm”.

 

Qeyd edək ki, Ozancan Kökcü bu mövsüm "Bursaspor"un heyətində cəmi 2 matçda iştirak edib. Belə ki, o, Türkiyə kubokunda "Yeni Altındağ" və "Adanaspor"la qarşılaşmaların son dəqiqələrində meydanda olub.

0