[b]Denis Silva: Maksimov bunu yaxşı bacarır - MÜSAHİBƏ[/b]
23.01.2018 - 15:25
[b]Denis Silva: Maksimov bunu yaxşı bacarır - MÜSAHİBƏ[/b]

Antalyada təlim-məşq toplanışında olan “Keşlə”nin təcrübəli müdafiəçisi Denis Silvanın apasport.az saytına müsahibəsi

 

- Hazırlığın Bakı mərhələsi necə keçdi?

- Burda əsasən fiziki hazırlığa yer verildi. Çox gərgin, ağır və güclü məşqlər keçdik. Əlbəttə, hazırlığın tərkib hissəsi kimi yoxlama oyunlarında da iştirak etdik. Nəticə baxımından pis alınmadı. Ancaq bu cür məqamlarda vacib olan komandanın durumunu görmək, çatışmazlıqları təsbit etməkdi. Biz də maksimum çalışdıq. Davamını Antalyada reallaşdıracağıq. Elə etməliyik ki, çempionata hazır dönək.

 

- Yoxlama oyunlarını qələbə ilə başa vurdunuz. Xüsusilə də “Neftçi” və “Zirə” üzərindəki qələbələr komandanın gücləndiyini düşünməyə əsas verirmi?

- Yoxlama oyunları çox vacib idi. Qələbələr də motivasiya baxımından təsirini mütləq göstərəcək. Biz indi səhvlərimiz üzərində çıx işləməliyik. Qarşıda daha 18-19 gün vaxtımız var. Bu müddətdən maksimum istifadə etməliyik. Türkiyədə də yoxlama oyunları keçirəcəyik. Baş məşqçi komandaya müəyyən yeniliklər gətirib.

 

- Yuri Maksimovun yenilikləri nədən ibarətdi?

- Bunu nəticələrdən də görmək olar. Qələbələr qazanırıqsa, deməli, düzgün yoldayıq. İndi qalır bu seriyanı qorumaq və uğur qazanmaq.

 

- Baş məşqçi sizdən nə tələb edir?

- Maksimov ilk növbədə deyir ki, işinizə konsentrasiya olun və məsuliyyətinizi anlayın. Çətin anlarda birləşməyi bacarmalıyıq. Bundan başqa, komandanı oyuna yaxşı kökləməyi və qələbəyə inandırmağı yaxşı bacarır. Gərək pozitiv düşünəsən ki, qələbə qazanasan.

 

- Yeni gələn oyunçular komandanın gücünə güc qata biləcək?

- Bundan şübhəniz olmasın. Hər biri komandanın hazırkı durumdan çıxmasına kömək edəcək. Türkiyədə də heyətə yeni qoşulanlar olacaq.

 

- Premyer Liqada autsayderlərdən olan “Keşlə” ölkə kubokunun yarımfinalçısıdı. Hansı daha vacib yarışdı?

- Ölkə kubokunu qazanmaq üçün imkanımız var. Əlbəttə, necə olur-olsun, bura qədər gəlmişiksə, qalan oyunlarda da “döyüşəcəyik”. Hər ikisi vacib yarışdı. Fasilədən sonra turnir cədvəlində irəliləməyə, kubokda isə ancaq qələbələr qazanmağa çalışacağıq.

 

- Premyer Liqadakı rəqiblərinizin transfer çalışmalarını da izləyirsiniz?

- Onlar mənim üçün o qədər də maraqlı deyillər. İzləmirəmsə, transferləri haqda da fikir bildirə bilməyəcəm. İndi elə məqamdı ki, öz işimizə köklənməliyik, çünki çətin günlər yaşayırıq. Çalışırıq ki, bu çətinliyi aradan qaldıraq. Bunun üçün də çox işləmək lazımdı. Vaxtımızı buna sərf edirik. 

0