16 yaşlı Azərbaycan şahmatçısı “Prezident kuboku” festivalında 6 qat olimpiya çempionu Viktor Korçnoya qalib gəlib
15.05.2008 - 10:33
16 yaşlı Azərbaycan şahmatçısı “Prezident kuboku” festivalında 6 qat olimpiya çempionu Viktor Korçnoya qalib gəlib
Bakı. Kənan Həsənov - APA-Sport. Bakıda mərhum prezident Heydər Əliyevin xatirəsinə həsr olunan “Prezident kuboku” beynəlxalq şahmat festivalı davam edir. “APA-Sport” agentliyinin məlumatına görə, festivalın nüfuzlu açıq turnirində III turun oyunları keçirilib. Turun ən gözlənilməz nəticəsi iki favoritin Azərbaycan şahmatçılarına məğlub olmasıdır. Yeniyetmələr arasında Avropa və dünya çempionu Eltac Səfərli Aleksandr Belyavskiyə (Sloveniya), Vasif Durarbəyli isə 6 qat Olimpiya çempionu Viktor Korçnoya (İsveçrə) qalib gəlib. Maksimum nəticə göstərən bu şahmatçılarımızla yanaşı, Qədir Hüseynov, Nicat Məmmədov və Loğman Quliyev də liderlər qrupunda qərarlaşıblar. Tanınmış qrossmeysterlərdən isə yalnız reytinq favorit Vadim Milov (İsveçrə) və Yevgeni Nayer (Rusiya) itkisiz irəliləyirlər.
Paralel olaraq təşkil edilən veteranların birinciliyində IV turdan sonra Eldar Cahangirov maksimum nəticə göstərib. Uşaqların yarışında isə 5 oyundan 5 xal toplayan Anton Durnev vahid liderdir.
Qeyd edək ki, İsveçrə sistemi ilə keçirilən festivalın mükafat fondu 85000 ABŞ dolları həcmində müəyyənləşdirilib. Açıq turnirin qalibi 7000 dollar və kuboka sahib çıxacaq.
0