Yevgeni Nayer “Prezident kuboku” turnirində liderdir
19.05.2008 - 11:01
Yevgeni Nayer “Prezident kuboku” turnirində liderdir
Bakı. Kənan Həsənov-APA-Sport. Bakıda mərhum prezident Heydər Əliyevin xatirəsinə həsr olunan “Prezident kuboku” beynəlxalq şahmat festivalı davam edir. “APA-Sport” agentliyinin məlumatına görə, festivalın nüfuzlu açıq birinciliyində turnir cədvəlinə yeddi oyundan 6,5 xal toplayan rusiyalı Yevgeni Nayer başçılıq edir. Liderin ən yaxın izləyiciləri sırasında Azərbaycan şahmatçıları Fərid Abbasovla Sərxan Quliyev (hər ikisi 6 xal) də yer alıblar. Fəxri kürsüyə yüksəlmək şansını hərəyə 6 xal toplayan Qədir Hüseynovla Rauf Məmmədov da saxlayır. Paralel olaraq təşkil edilən veteranlar və uşaqların birinciliyi isə başa çatıb. Bu yarışlarda müvafiq olaraq, Oleq Pavlenko (5 xal) və Zaur Məmmədov (8 xal) qalib gəliblər.
Qeyd edək ki, İsveçrə sistemi ilə keçirilən festivalın mükafat fondu 85000 ABŞ dolları həcmində müəyyənləşdirilib. Açıq turnirin qalibi 7000 dollar və kuboka sahib çıxacaq.
0