Dmitri Kruqlov: “Lokomotiv” klubunda ehtiyatda qalmaqdansa, “Neftçi”də daim oynamaq daha yaxşıdır”
21.05.2008 - 13:36
Dmitri Kruqlov: “Lokomotiv” klubunda ehtiyatda qalmaqdansa, “Neftçi”də daim oynamaq daha yaxşıdır”
Dördqat Azərbaycan çempionunun qışda icarə əsasında heyətinə cəlb etdiyi 24 yaşlı estoniyalı futbolçu komandanın uğursuz çıxışını belə izah edib: “İkinci dövrənin əvvəlində göstərilən məhsuldarlığın davamı gəlmədi. Həmin vaxt hər oyunda 2-3 qol vururduq və mən də fərqlənirdim. Ancaq sonradan qol vurmaq problemi ilə üzləşdik. Komanda qalib gələ, qol vura bilmirsə, günahı təkcə hücumçuda, yaxud başqa mövqedə çıxış edən oyunçuda axtarmaq düzgün deyil. Uğursuzluq varsa, hamı günahkardır”. Estoniya və Rusiyadan sonra növbəti mükafatını Azərbaycanda qazanan D.Kruqlovun “Neftçi”nin heyətində bürünc medal qazanması demək olar rəsmiləşib: “Təbii ki, qazancımız qızıl və ya gümüş medal deyil. Ancaq istənilən halda, medal əyarından asılı olmayaraq medaldır. Necə deyərlər, layiq olduğumuzu aldıq. Yalnız ikinci dövrədən “Neftçi”də çıxış etdiyimi nəzərə alsaq, mükafatçı olmağım mənim üçün çox xoşdur. Bunadək Moskvanın “Lokomotiv” klubunda da bürünc mükafat qazanmışdım”.
Müqavilə ilə “Lokomotiv”ə məxsus olan estoniyalı futbolçu bildirib ki, anlaşması başa çatmaq üzrə olduğu “Neftçi” klubunda çıxışının davam etdirəcəyinin hələ dəqiqləşməyib: “Bu haqda hələlik heç nə deyə bilmirəm. Məni ilk növbədə futbol, çıxış etmək, oyun praktikası qazanmaq maraqlandırır. Belə demək olar ki, “Lokomotiv”də ehtiyatda qalmaqdansa, “Neftçi”də daim oynamaq daha yaxşıdır”.
0