Rəşad Sadıqov: “Neftçi” ilə üç illik müqavilə bağlayacağam”
21.05.2008 - 17:52
Rəşad Sadıqov: “Neftçi” ilə üç illik müqavilə bağlayacağam”
Bakı. Mehman Süleymanov – APA-Sport. “Klub prezidenti Əkbər Hacıyevlə görüşüm məndə yüksək təəssürat oyatdı və gələcək karyeramla bağlı qəti qərara gəldim”. Bu sözləri “APA-Sport” agentliyinə açıqlamasında “Neftçi” klubunun müdafiəçisi Rəşad Sadıqov deyib. Azərbaycan milli komandasında kapitan sarğısını daşıyan 26 yaşlı futbolçu karyerasını “Neftçi”də davam etdirəcəyini bildirib: “Əkbər Hacıyevlə təkbətək söhbət etmək istəyimə nail oldum. O, komandanın yeni mövsümdə çempion olmasını arzulayır. Buna görə də əsas futbolçulardan biri kimi “Neftçi”də qalmağımı istəyir. İndiyədək “Neftçi” naminə sağlamlığımızdan, pulumuzdan keçsək də, layiq olmadığımız söz-söhbətlə üzləşmişik. Bu səbəbdən bundan sonra da komandada oynamaqla bağlı tərəddüd edirdim. Ancaq prezidentimiz belə söz-söhbətlərə fikir verməməyi tövsiyə etdi. Klub rəhbərliyi mənə yenə güvənir”. R.Sadıqov vurğulayıb ki, son 7 ildə şərəfini qoruduğu “Neftçi” ona yeni müqavilə təklif edib: “Yeni müqavilənin maddi tərəfi müzakirə olunmayıb. Sadəcə, ümumi razılığa gəlmişik və anlaşmanın detallarını yaxın günlərdə nəzərdən keçirəcəyik. Yəqin ki, “Neftçi” ilə 3 illik yeni müqavilə bağlayacağam. İkinci dəfə Türkiyədə çıxış etmək variantı ortaya çıxarsa, məsləhətləşdikdən sonra qərarımı verəcəyəm. Ancaq ölkə daxilində karyeram yalnız “Neftçi” ilə bağlı olacaq”.
Qeyd edək ki, zədə ucbatından komandasının axırıncı üç oyununu kənardan izləyən R.Sadıqov təkrar müayinədən sonra fərdi məşqlərə başlayıb.
0