[b]“Yığmada bunun 5-10 qat artığını göstərməlisən” - debütant[/b]
15.03.2018 - 10:00
[b]“Yığmada bunun 5-10 qat artığını göstərməlisən” - debütant[/b]

“İlk növbədə “Sumqayıt”dakı məşqçi heyətinə təşəkkürümü bildirirəm. Onlar mənə müntəzəm oynamaq şəraiti yaradırlar”. Bu sözləri apasport.az saytına açıqlamasında Azərbaycan millisinin debütantı Tural Axundov deyib.

 

Azərbaycan yığmasının bu ay Belarus və Makedoniya ilə keçirəcəyi yoldaşlıq görüşlərinə dəvət olunan “Sumqayıt”ın müdafiəçisi sevincini gizlətməyib.

 

O, yığmada möhkəmlənmək arzusunda olduğunu vurğulayıb: “Berti Foqtsun dönəmində bir dəfə milliyə dəvət edilmişdim. Amma bu, 3-4 günlük təlim-məşq toplanışı idi. İndi isə oyunlara dəvət almışam. Hər bir futbolçu millidə oynamağı arzulayır. Düşünürəm ki, çağırılmışamsa, bu şansdan yararlanmalıyam. Ölkə çempionatında sərgilədiyin oyunun 5-10 qat artığını yığmada göstərməlisən. Millinin şərəfini qorumaq, orda möhkəmlənmək heç də asan deyil. Bunun üçün ilk növbədə klubunda formada olmalısan. Qurban müəllim belə heyətə üstünlük verirsə, deməli, nəsə bilir. Bizim üzərimizə düşən baş məşqçinin etimadını doğrultmaqdı. Əlimdən gələni edəcəm ki, qarşıdakı yoldaşlıq görüşlərində meydana çıxım”.

 

Qeyd edək ki, martın 23-də Belarusu qəbul edəcək millimiz bundan 4 gün sonra Makedoniya ilə Antalyada üz-üzə gələcək.

0