[b]Vüqar Məmmədin asan yolu: İstedad “oğurluğ”u[/b]
15.03.2018 - 12:46
[b]Vüqar Məmmədin asan yolu: İstedad “oğurluğ”u[/b]

Bu gün açıqlanan millimizin (U-19) heyətində yeni adlar diqqət çəkir. Apasport.az saytının məlumatına görə, baş məşqçi Vüqar Məmməd Rusiyadan Ruslan Fişenko (MOİK) ilə Vəli Məmmədovu (“Torpedo”) da heyətə çağırıb.

 

Ümumiyyətlə, çalışdırıcı ölkə xaricindən 3 legionerə ehtiyac duyub. Uzun müddətdi müxtəlif yığmalarda oynayan Elnur İbrahimovu da Moskva “Spartak”ından heyətə çağıran Vüqar Məmməd əksər həmkarlarının yolu ilə gedir.

 

Yerli klublarda futbolçu tapa bilməyən məşqçi daha asan yola üstünlük verib. Rusiya klublarının yetişdirdiyi istedadları “oğurlamaq” ənənəsi ilə milliləşməyə davam etməyi lazım bilib. Düzdü, həm Ruslan, həm də Vəlinin Azərbaycan bağları var. Vətəndaşlığı yığma üçün dəyişdirilən şimallılar Məmmədin süni yolla uğur qazanmasına kömək etməlidi.

 

Hərçənd, Fişenko həqiqətən də millimizi gücləndirmək iqtidarındadı. İlk dəfə yığmanın düşərgəsinə gələcək Ruslan cari mövsüm UEFA Gənclər Liqasındakı oyunu ilə diqqət çəkib. O, MOİK-in 5 matçında əvəzolunmadan iştirak edib.

 

Rusiyalı “Benfika”, “Bazel” və “Mançester Yunayted”lə qrup matçlarının iştirakçısı olub. Böyük ehtimalla, AFFA-nın seleksiyaçıları da həmin turnirdə rusiyalını gözaltı ediblər. Onun hesabında iki sarı vərəqə də var.

 

Əslində, 2000-ci il iyunun 9-da anadan olan Ruslan MOİK deyil, “Dinamo”nun yetirməsidi. Moskva klubunun akademiyasına 7 yaşında düşən Fişenko sonradan “hərbçilər”ə qoşulub.

 

Dayaq yarımmüdafiəçisi daha çox dağıdıcılıq qabiliyyəti ilə arxa xəttə kömək edir. Bir ayağı işlək olan Ruslan “sağ”la daha yaxşı oynayır.

 

Yarımmüdafiəçinin Azərbaycan millisinə üstünlük verməsi atası İlqarın Azərbaycan köklərinə malik olmasıdı.

 

Vəli isə Moskvanın digər klubu “Torpedo”nun yetirməsidi. 2000-ci il təvəllüdlü futbolçu hücumçudu və məhsuldarlığı ilə diqqətləri özünə cəlb edib.

 

Məmmədov dəfələrlə müxtəlif turnirlərin bombardiri olub. O, Rusiya Futbol İttifaqının təşkil etdiyi milli səviyyəli yarışlarda da fərdi mükafatlarla ön sıralarda yer alıb.

 

0