Valentin Xodukin “İnter” klubunun və Azərbaycan futbolunun tarixinə düşə bilər
22.05.2008 - 13:31
Valentin Xodukin “İnter” klubunun və Azərbaycan futbolunun tarixinə düşə bilər
Bakı. Mehman Süleymanov - APA-Sport. Bakının “İnter” klubunun baş məşqçisi Valentin Xodukin Azərbaycan futbol tarixinə düşə bilər. “APA-Sport” agentliyinin məlumatına görə, 69 yaşlı ukraynalı Azərbaycan kubokunu qazanacağı halda, bu titula sahib çıxan ilk əcnəbi mütəxəssis olacaq. Ölkəmizdə çalışan əcnəbi məşqçilər arasında kuboku qazanmağa ən yaxın elə V.Xodukinin həmyerliləri olub. Bu, 2005-ci ildə finala çıxan Anatoli Konkovla (“İnter”) İmişlinin “MKT-Araz”la ötən mövsüm həlledici görüşün iştirakçısı olan İqor Nakoneçnıdır. “İnter”ə ilk medal və avrokuboklara vəsiqə qazandırmaqla, klubun tarixinə düşən V.Xodukin kubokda da ilk uğura yaxındır. İndiyədək Azərbaycan çempionluğunu yalnız yerli mütəxəssislərin qazandığını nəzərə alsaq, V.Xodukin ölkəmizdə titul qazanan ilk əcnəbi məşqçi olacaq. Onun finalda görüşəcəyi “Xəzər-Lənkəran”dakı həmkarı Ağasəlim Mircavadov isə indiyədək iki dəfə kuboku qazanıb. Özü də 61 yaşlı bu mütəxəssis buna nail olduğu illərdə çempion da olub. A.Mircavadov 1993-cü ildə Ağdamın “Qarabağ” klubu, bundan 14 il sonra isə “Xəzər-Lənkəran”la “qızıl dubl” edib. Azərbaycan kubokunu ən çox əldə edən mütəxəssis isə Mehman Allahverdiyevdir. Kuboku ən çox qazanan klublarımızdan olan “Kəpəz” hər dörd titula bu məşqçinin rəhbərliyi altında sahib çıxıb. “Neftçi” də dörd dəfə ölkə kubokuna yiyələnsə də, bunlara eyni mütəxəssislə nail olmayıb. Belə ki, Kazbek Tuayev iki, Vaqif Sadıqovla Əhməd Ələsgərovla hərəyə bir dəfə flaqmana kuboku qazandırıb. İki dəfə kuboka sahib çıxan Əsgər Abdullayev bu uğura paytaxt klubları – “Şəfa” və “Bakı” ilə nail olub.
Qeyd edək ki, Məmmədəli Məmmədov (“İnşaatçı”) ilə Böyükağa Ağayev (“Qarabağ”) kuboka hərəyə bir dəfə yiyələnib.
0