Mahmud Qurbanov rekord müəyyənləşdirə bilər
23.05.2008 - 11:50
Mahmud Qurbanov rekord müəyyənləşdirə bilər
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Bakının “İnter” klubunun yarımmüdafiəçisi Mahmud Qurbanov yeni rekord müəyyənləşdirə bilər. “APA-Sport” agentliyinin məlumatına görə, 35 yaşlı futbolçu Azərbaycan kubokunun finalında 5-ci dəfə qalib gəlməklə, bu göstəricidə rekordçu olacaq. Mayın 24-də keçiriləcək final matçınadək M.Qurbanovun çıxış etdiyi komandalar 4 dəfə turnirin qalibi olub. 1993/94 və 1997/98 mövsümlərində “Kəpəz”, 4 il əvvəl “Neftçi”, ötən yay isə “Xəzər-Lənkəran”ın qalib heyətində yer alan yarımmüdafiəçi daha 3 futbolçunun imza atdığı rekorda şərikdir. Ceyhun Tanrıverdiyev və Füzuli Allahverdiyev yalnız “Kəpəz”də (1993/94, 1996/97, 1997/98 və 1999/2000), Hüseyn Məhəmmədov həm Gəncə təmsilçisində (1997/98 və 1999/2000), həm də “Neftçi”də (2003/04) kubokun qalibi olub. Rekordçu olan 4 futbolçunu izləyən 12 oyunçunun hərəsi isə 3 dəfə finalda qələbəyə sevinib. Onlardan ikisi – “Xəzər-Lənkəran”ın müdafiəçiləri Füzuli Məmmədovla Emin Quliyev sabahkı qarşılaşmada rekordu təkrarlaya bilər. Bunun üçün onların komandasının qələbəsi ilə yanaşı, meydana çıxmaları da lazımdır. Belə ki, onlar final oyununda qalib gələn 140 futbolçunun yer aldığı siyahıda lider olmağa yaxındır.
Qeyd edək ki, bu 140 oyunçudan 18-i legionerdir.
0