[b]Sablyaçılarımız dünya birinciliyini medalsız bitirdi[/b]
04.04.2018 - 18:53
[b]Sablyaçılarımız dünya birinciliyini medalsız bitirdi[/b]

Bu gün İtaliyanın Verona şəhərində keçirilən qılıncoynatma üzrə yeniyetmə və gənclərin dünya birinciliyində sablyaçıların yarışına start verilib. Qılıncoynatma Federasiyasından apasport.az saytına verilən məlumata görə, turnirin 4-cü yarış günündə gənc sablyaçıların fərdi yarışında qaliblər müəyyənləşib.

 

Komandamız sablyaçıların fərdi mübarizəsində ümumilikdə 5 qılıncoynadanla təmsil olunub. Təmsilçilərimizdən Aysel Əhədova və Nərminə Cəfərova ilkin qrup mərhələsini uğurla adlayıblar. Əhədova qrup mərhələsində keçirdiyi 6 görüşdən 3-də qələbə qazanaraq, növbəti mərhələyə yüksəlib. Burada meksikalı sablyaçıya qalib gələn Aysel pley-off çərçivəsində keçirdiyi növbəti görüşdə italiyalı Beatris Dalla Vecciyaya məğlub olub.

 

Qrup mərhələsini 2 qələbə ilə başa vuran Nərminə Cəfərova da növbəti mərhələyə vəsiqə qazanmağı bacarıb. Təmsilçimiz növbəti mərhələdə ispaniyalı Ainhoa Perezə uduzub.


Gənc kişi sablyaçıların mübarizəsində isə komandamız 3 iştirakçı ilə təmsil olunub. İlkin qrup mərhələsində keçirdiyi 6 görüşdən 3-də qalib gələn Cavanşir Ağakişiyev növbəti mərhələdə fransalı Sebastyan Patrisə məğlub olub. Qrup mərhələsi çərçivəsində keçirdiyi görüşlərdə 2 qələbə qazanan Qərib İbrahimov isə növbəti mərhələdə almaniyalı Frederik Kayndlerə uduzub. İlkin qrup mərhələsində keçirdiyi 6 görüşdən 1-də qalib gəlməyi bacaran Xalid Əsədov isə mübarizəni erkən dayandırıb. 

0