[b]“Roma” düşdüyünə görə sevinmirəm” – Klopp[/b]
13.04.2018 - 17:44
[b]“Roma” düşdüyünə görə sevinmirəm” – Klopp[/b]

“Liverpul”un baş məşqçisi Yurgen Klopp Çempionlar Liqası yarımfinal mərhələsinin püşkatmasının nəticələrini dəyərləndirib. Apasport.az saytının məlumatına görə, alman çalışdırıcı “Bavariya” və “Real”la “Roma” arasında fərq qoymayıb: “Danışmalı olduğumu bilirdim, odu ki, nə hiss etdiyim barədə düşünməyə çalışdım, ancaq “Bavariya” və “Real”la düşmədiyimizə görə şükür edib, “Roma”ya sevinmək kimi bir fikrim yoxdu. Bu, sadəcə, püşkatmadı, önəmli olan bizim mübarizəni davam etdirməyimizdi. Rəqibin kimliyindən asılı olmayaraq, bu, futboldu, yəni şans var. Eynisini “Roma” haqqında da deyə bilərəm”.

 

Klopp “Roma”nın önəmli heyət üzvlərini itirməsinə baxmayaraq, yaxşı mövsüm keçirdiyini deyib.

 

“Mümkün üç rəqib arasında təkcə “Roma” ilə üz-üzə gəlməmişdim. İki çətin oyun olacaq. “Barselona” ilə oyunlardan gördüyünüz kimi, “Roma” inanılmazdı. Çətin keçən yay “transfer pəncərəsi”nə baxmayaraq, çox yaxşı davam edirlər. Məhəmməd Salah, Emerson kimi önəmli futbolçuları itirsələr də, Çempionlar Liqası uğrunda mübarizə aparırlar” – deyə, 50 yaşlı mütəxəssis bildirib.

 

Klopp son olaraq “Roma”nın gücünü ön plana çıxarıb:

 

“Zəif rəqiblə oynayacağımızı düşünən adamlara yardımçı ola bilmərəm, çünki onlar 100% “Roma” – “Barselona” matçlarını izləməyiblər. Birinci matçın hesabı – 4:1 – oyunun gedişatını əks etdirmirdi. Sadəcə, yaxşı komandaya qarşı dahi Messi var idi. İkinci matç əla alındı, onlar inanılmazı reallaşdırdılar. Hətta 4:0, 5:0 hesabları ilə də qələbə qazana bilərdilər. Çox təsirlənmişdim”.

 

Qeyd edək ki, “Liverpul” aprelin 24-də doğma meydanda “Roma”nı qəbul edəcək. Cavab görüşü isə mayın 2-də keçiriləcək.

0