“Formula-1”: Bakıda əyləncə tədbirlərinin detalları açıqlandı

Dənizkənarı bulvar boyunca uzanan F1 Azarkeşlərin Əyləncə Zonasında 26-29 aprel tarixlərində yarışı izləməyə gələn avtoidman həvəskarlarına bir-birindən zövqlü yeni əyləncələr təqdim olunacaq. Bakı Şəhər Halqasından apasport.az saytına verilən məlumata görə, yarış çərçivəsində baş tutacaq əyləncə tədbirləri aprelin 26-da saat 12:00-dan və 21:00-dək davam edəcək.

 

Aprelin 27-də və 28-də saat 10:00-dan 19:00-dək və aprelin 29-u saat 10:00-dan 14:00-dək keçiriləcək. Həmçinin musiqili əyləncə proqramı 27-29 aprel tarixlərində axşam saatlarından başlayaraq “Bakı Kristal Zalı”nda bir-birinin ardınca səhnəyə çıxacaq dünya ulduzları və məşhur DJ-lərin möhtəşəm performansları ilə gec saatlaradək davam edəcək.

 

“Formula-1” ilə yaxından tanışlıq

Dördgünlük bilet alan tamaşaçılar aprelin 26-da, saat 14:00-dan 15:30-dək Pit yolu gəzintisində iştirak edə biləcəklər. Yürüş zamanı tamaşaçılar Pit yoluna daxil olaraq F1 komandalarının qarajlarda bolidləri yarışa necə hazırladıqlarının şahidi olacaqlar. Pit yolu gəzintisi üçün giriş “Formula-1” Azarkeş Zonasında yerləşən Abşeron tribunası tərəfdən olacaq.

 

Bundan başqa, “Formula-1” Azarkeş Zonasında builki Azərbaycan Qran-prisində mübarizə aparan bütün pilotların iştirakı ilə 27-29 aprel tarixlərində saat 11:00-dan etibarən günün müxtəlif saatlarında avtoqraf sessiyaları keçiriləcək. Sessiyalar zamanı azarkeşlər sevdiyi pilotlarla üz-üzə görüşərək şəkil çəkdirə və avtoqraf ala biləcəklər. Tamaşaçıların sevimli pilotları ilə görüşü üçün məkana erkən gəlmələri tövsiyə olunur.

 

Bu il tamaşaçılar “Formula-1”in yeni pilotları ilə yanaşı, Bakı Şəhər Halqasını da daha yaxından tanımaq fürsətinə sahib olacaqlar. Belə ki, aprelin 28-i, dənizkənarı bulvarda yerləşən F1 Azarkeş Zonasında saat 15:30-dan 16:00-dək F1-in yeni pilotları ilə sual-cavab sessiyası keçiriləcək.

 

Həmçinin 26-28 aprel tarixlərində yarış sessiyaları başa çatdıqdan sonra trek tamaşaçıların gəzintisi üçün açıq olacaq. Həmin müddət ərzində trek daxilində xüsusi avtobuslar da xidmət göstərəcək. Tamaşaçılar trekin müxtəlif yerlərindəki dayanacaqlarda enərək Bakı Şəhər Halqasının özünəməxsus xüsusiyyətləri ilə ətraflı şəkildə tanış ola biləcəklər.

 

Yeni formatda mərasimlər

Ötən illərdəkindən fərqli olaraq, bu il tamaşaçıları salamlama mərasiminin açılışı Pilotların Paradından əvvəl baş tutacaq. Musiqili tamaşa formasında keçəcək mərasimin açılışından dərhal sonra pilotlar xüsusi nəqliyyat vasitəsilə Bakı Şəhər Halqasında dövrə vuraraq trek ətrafında olan tamaşaçıları salamlayacaqlar.

 

Bundan bir az sonra yarışa start verilməzdən əvvəl himn mərasimi keçiriləcək. Azərbaycan himni səsləndikdən sonra pilotlar qrid düzülüşündə yer alan bolidlərə yaxınlaşaraq yarış üçün son hazırlıqlarını görəcəklər. Yeni qaydaya əsasən bu il qrid qızları olmayacaq və onların əvəzində pilotları yalnız himn mərasimində 7-10 yaşlardan ibarət uşaqlar müşayiət edəcəklər.

 

F1 azarkeşləri üçün simulyator yarışları

Tamaşaçılar F1 Azarkeş Zonasında yerləşən “Formula-1”ə və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinə məxsus simulyatorlarda yarışmaq imkanı əldə edəcəklər. Bu yarışlarda ən sürətli nəticə göstərən tamaşaçıya dəyərli mükafatlar veriləcək. Bununla yanaşı, simulyatorlarla yanaşı, müxtəlif növ əyləncəli oyunlar, o cümlədən pit-stop yarışı da keçiriləcək.

 

Konsert proqramları

Bütün bilet sahibləri 27-29 aprel tarixlərində axşam saatlarından etibarən keçiriləcək konsert və əyləncə proqramlarında pulsuz iştirak edə biləcəklər. Aprelin 27-də əvvəlcə səhnəyə “Jamiroquai” qrupu çıxacaq və sonra onun ardınca gecə saatlarında DJ Afrojackın iştirakı ilə əyləncə proqramı baş tutacaq. Aprelin 28-də bir-birinin ardınca səhnədə Kristina Aqilera ilə Aksvell Λ İnqrosso, aprelin 29-da isə Dua Lipa ilə Martin Solveig yer alacaq. Həmçinin proqram aralarında verilən fasilələrdə yerli DJ-lər də səhnəyə çıxaraq tamaşaçılara əyləncə ilə dolu gecə təqdim edəcəklər.

 

Əvvəlki illərdəkindən fərqli olaraq, bu il dünya ulduzlarının konsert proqramları “Bakı Kristal Zalı”nda keçiriləcək. Tamaşaçıların konsert zonasına rahat gediş-gəlişini təmin etmək üçün “Azneft dairəsi” ilə “Kristal Zal” arasında xüsusi avtobuslar fəaliyyət göstərəcək.

 

Bir-birindən zövqlü səyyar şoular

Əyləncə zonaları boyunca səyyar məzhəkəçi-aktyorların tamaşaları yarışı izləməyə gələnlərin əhval-ruhiyyəsini yüksəldərək yarış həyəcanına əyləncə coşğusu qatacaq. Burada keçiriləcək səyyar tamaşalara sirk və balans şouları, pantomima aktyorları və ağacayaqların orijinal hərəkətləri, müxtəlif yerli DJ-lərin və müğənnilərin musiqili əyləncə proqramları, küçə rəqsləri, eləcə də digər maraqlı nömrələr daxildi.

 

Azyaşlılar üçün maraqlı əyləncələr

Yarış həftəsonunun ən balaca qonaqları üçün xüsusi sürücülük məktəbi təşkil olunacaq. Burada uşaqlar yol hərəkəti qaydalarını əyləncəli və sərbəst mühitdə öyrənə biləcəklər. Bundan başqa, azyaşlı tamaşaçılar üçün dəbilqə formasında əyləncə mərkəzi fəaliyyət göstərəcək. Həmçinin uşaqlar müxtəlif interaktiv və maarifləndirici oyunlarda da iştirak edərək hərtərəfli şəkildə əylənə biləcəklər.

 

Xatirə şəkli üçün fərqli mənzərələr

Dənizkənarı bulvar boyunca uzanan F1 Azarkeş Zonasının müxtəlif yerlərində tamaşaçılara şəkil və selfi çəkdirmək üçün fərqli arxafonlar, o cümlədən Azərbaycan Qran-prisinə aid podium və haştaqlar, F1 pilotlarının heykəlləri və onları təsvir edən maskotlar, divar və yerüstü rəsmlər, F1 yarışlarının keçirildiyi treklərin sxemləri, milli ornamentli F1 bolidləri və retro avtomobillər təqdim olunacaq.

Digər xəbərlər
Bütün xəbərlər
PREMYER-LIQA

1.

Qarabağ 24 18 5 1 34-8 59

2.

Qəbələ

24 12 6 6 37-24 42

3.

Sumqayıt 24 11 6 7 31-26 39

4.

Neftçi

24 11 4 9 32-24

37

5.

Zirə

24

9 8 7 30-26 35

6

Keşlə 24 5 6 13 22-37 21

7.

Səbail

24

5 5 14 16-33 20

8.

Kəpəz

24 3 4 17 15-39 13
               

 

Top 10