Zaur Həşimov: “Olimpik”ə vurduğum qolu mövsümün ən yaxşısı hesab edirəm”
29.05.2008 - 17:34
Zaur Həşimov: “Olimpik”ə vurduğum qolu mövsümün ən yaxşısı hesab edirəm”
Bakı. Mehman Süleymanov - APA-Sport. “Son tur öncəsi çoxlu xoşagəlməz söz-söhbətlər yayılmışdı. Əvvəl dedilər ki, guya “Olimpik”dən xal almaq üçün pul almışıq. Qələbə qazanandan sonra isə artıq “İnter” klubundan pul aldığımızı iddia edirlər. Bu, qətiyyən belə deyil”. Bunu “APA-Sport” agentliyinə açıqlamasında Ağdamın “Qarabağ” klubunun futbolçusu Zaur Həşimov deyib. Azərbaycan Premyer Liqasının sonuncu turunda lider “Olimpik”lə “Şəfa” stadionunda keçirilən matçda qələbə topunun müəllifi olan 27 yaşlı müdafiəçi “İnter” tərəfindən stimullaşdırılmadıqlarını bildirib: “200, 500 min manat məbləğində rəqəmlər eşidirəm. Hətta mənə zəng edib, bunun doğru olub-olmadığını soruşurlar. Xeyli vaxtdır ibadətlə məşğulam. Allaha and içirəm ki, başqa klublardan pul almamışıq. Biz meydana öz təmiz adımızı qorumaq üçün çıxmışdıq və buna da nail olduq”. Azərbaycan milli komandasının sabiq üzvü “İnter” klubuna rəğbət bəslədiyini gizlətməyib: “Bu komandanın çempion olmasını istəyirdim. Komanda rəhbərliyi titul, mükafat qazanmaq, avrokuboklara çıxmaq üçün xeyli vaxtdır əziyyət çəkirdilər və sonda bəhrəsini gördülər. Əlbəttə, çempionluğu qazanan “İnter”in heyətində olmaq istərdim. Ancaq görünür, qismət belə imiş. Hər halda, “Olimpik”ə vurduğum qolu mövsümün gözəl, karyeramın vacib qollarından biri sayıram. Bunu həm də ailə üzvlərimə həsr edirəm”.
0