“Simurq” üç futbolçu ilə yollarını ayırıb
29.05.2008 - 17:38
“Simurq” üç futbolçu ilə yollarını ayırıb
Zaqatala. Mehman Süleymanov - APA-Sport. Zaqatalanın “Simurq” klubunun baş məşqçisi Roman Pokora sabah Azərbaycanı tərk edəcək. Bu haqda “APA-Sport” agentliyinə məlumat verən R.Pokoranın sözlərinə görə, üç həftə vətənində istirahətdə olacaq. İyunun 21-də bir araya gələcəklərini deyən 60 yaşlı ukraynalı mütəxəssis yeni mövsümə hazırlığın ilk mərhələsini Bakıda keçirəcəklərini bildirib. R.Pokora sonrakı iki həftəlik təlim-məşq toplanışını əvvəllər olduğu kimi, Gürcüstanda keçirmək niyyətindədir. “Simurq”la başa çatan müqaviləsini daha bir illiyə uzadan ukraynalı çalışdırıcı komandanı tərk edən futbolçuların adlarını açıqlayıb: “Ukraynalı yarımmüdafiəçi Andrey Danayevin müqaviləsi başa çatıb. Başqa klubdan təklif alan bu orta sahə oyunçusu ilə yollarımızı ayırdıq. Yerli futbolçulardan Vyaçeslav Lıçkin və Ramiz Hüseynovla da anlaşmanın müddətini uzatmadıq. Heyətimizdə başqa dəyişikliklər hələlik yoxdur. Təcrübəli futbolçularımızdan olan Mixaylo Starostyak və Vladimir Mazyarla yeni müqavilə imzalamışıq. Ukraynadan yeni futbolçu gətirməyi planlaşdırmırıq. Heyətimizi yerli, gənc futbolçularla gücləndirəcəyik. Başa çatan mövsümdə çıxışımızdan razı qaldıq. Qarşıya qoyulan məqsədə nail olduq. Yeni mövsümdə bundan da yaxşı çıxış etmək fikrindəyik”.
Qeyd edək ki, son iki ildə güclülər dəstəsində mübarizə aparan “Simurq”un cari mövsümdə tutduğu 7-ci yer hələ ki ən yaxşı göstəricisidir.
0