[b]DÇ-2018: Misir yığması - DOSYE[/b]
04.05.2018 - 13:49
[b]DÇ-2018: Misir yığması - DOSYE[/b]

Rusiyada keçiriləcək XXI dünya çempionatının startına 40 gün qalır. Bugünkü dosyemiz mundialın növbəti iştirakçısı Misir yığması haqqındadı.

 

Uzun illər idi ki, Misir yığması Afrika futbolundakı hökmranlığını dünya arenasına daşımaqda çətinlik çəkirdi. Ancaq bu səfər son dəqiqələrdə penaltidən vurulan qol gedişata son dedi. Sonuncu dəfə 1990-cı ildə dünya çempionatında iştirak edən afrikalılar aralarında 2010-cu ildə eyni xalı bölüşdükləri Əlcəzairlə oynadıqları pley-off matçı olmaqla, bir neçə dəfə xəyallarını reallaşdırmağa yaxınlaşsalar da, bunu bacara bilməmişdilər. Ruud Krol, Marko Tardelli, Bob Bredli – komandanı mundiala daşımaq üçün Misir yığmasının başına kimlər keçməmişdi ki… Ancaq Misir xalqına xoşbəxtlik bəxş edən Ektor Kuperdən başqası deyildi.

 

 

DÇ-2018-ə aparan yol: Həlledici məqamlar

 

2015-ci il, noyabr

 

Əslində, təsnifat mərhələsinin ikinci turunda ÇAD-la ilk görüşdə alınan 0:1 hesablı məğlubiyyət növbəti uğursuzluğa dair “siqnallar” verirdi. Buna baxmayaraq, cavab görüşündə Misirin lazımı nəticəni qazanması üçün 10 dəqiqə yetərli oldu. Yekunda 4:0 hesablı qələbə qazanan komanda üçüncü təsnifat mərhələsinə yüksəldi.

 

2016-cı il, noyabr

 

Qana 2014-cü ildə Misiri 6:1 hesabı ilə darmadağın etmişdi. “Fironlar” iki il sonra da olsa, 2:0-lıq qələbə ilə revanşı alıb, E qrupunun zirvəsində, ən yaxın rəqibinin 5 xal önündə məskən saldılar.

 

2017-ci il, sentyabr

 

Kampalada keçirilən görüşdə Misir Uqandaya minimal fərqlə məğlub olmuşdu. İsgəndəriyyədə oynanılan cavab oyununda Məhəmməd Salahın erkən dəqiqələrdə vurduğu qol komandası adına həlledici oldu – 1:0.

 

2017-ci il, oktyabr

 

Misirin sona bir matç qala dünya çempionatına vəsiqəni təmin etmək şansı var idi. Bunun üçün doğma meydanda Konqonu məğlub etmək kifayət edirdi. Lakin gedişatın bu qədər dramatik alınacağını heç kim təxmin etmirdi. Əvvəlcə qonaqların heyətində Buka Mutu 88-ci dəqiqədə Məhəmməd Salahın qoluna cavab verdi – 1:1. Ancaq bu, matçda vurulan sonuncu qol deyildi. Oyuna əlavə olunmuş sonuncu dəqiqədə referi Konqonun qapısına penalti təyin etdi. Nöqtəyə yaxınlaşan Salah zərbəni dəqiq yerinə yetirdi və yığmasının 27 illik acısına son qoydu.

 

 

Dünya çempionatına hazırlıq

 

Misir millisi mundiala hazırlıq məqsədilə 4 yoldaşlıq görüşü planlaşdırmışdı. Bu oyunlardan ikisi artıq geridə qalıb. Misir Portuqaliya (1:2) və Yunanıstanla (0:1) oynadığı hər iki yoldaşlıq görüşündən məğlub ayrılıb. Növbədə isə onları 26 mayda Küveyt, 6 iyunda isə Belçika ilə oyunlar gözləyir.

 

 

Dünya çempionatında

 

Misir yığması mundialda Rusiya, Səudiyyə Ərəbistanı və Uruqvayla birlikdə A qrupunda mübarizə aparacaq. Misir ilk matçını iyunun 15-də Uruqvay millisinə qarşı keçirəcək. Afrikalılar növbəti oyunda ev sahibi Rusiya ilə üz-üzə gələcəklər. Misirin qrup mərhələsindəki sonuncu matçı isə Səudiyyə Ərəbistanı yığması ilə olacaq.

 

 

Baş məşqçi

 

Ektor Kuper: 62 yaş (16.11.1955)

 

Ektor Kuper 2015-ci ilin martında Misir yığması ilə 3 illik müqaviləyə imza atıb. 25 illik məşqçilik karyerası ərzində argentinalı mütəxəssisin əsas uğurları İspaniyada çalışdığı dönəmlə bağlıdı. “Malyorka” və “Valensiya” ilə İspaniya Superkubokunun qalibi olan Kuper ikincilərlə iki dəfə Çempionlar Liqasında final oynasa da, həlledici görüşlərin hər ikisindən məğlub ayrılıb. O, 1999-cu ildə La Liqanın ən yaxşı məşqçisi – “Don Balon”, 2000-ci ildə isə UEFA tərəfindən “ilin ən yaxşı klub məşqçisi” mükafatları ilə təltif olunub.

 

 

Məhəmməd Salah amili

 

Şübhəsiz ki, Misir yığmasının dünya çempionatındakı əsas siması Məhəmməd Salah olacaq. 2017-18 mövsümündəki performansı ilə diqqətləri üzərinə çəkən 25 yaşlı futbolçu artıq çıxış etdiyi “Liverpul”un heyətində Çempionlar Liqasının finalına yüksəlib. Premyer Liqada 31 qol, 9 məhsuldar ötürmə, Çempionlar Liqasında isə 10 qol, 4 məhsuldar ötürmə ilə oynayan Salah “Qızıl top”un əsas iddiaçıları sırasında göstərilir. Mükafatı qazanmaq üçün Məhəmmədin dünya çempionatındakı çıxışı həlledici olacaq.

 

 

Misir

 

FİFA sıralaması: 46-cı yer

Dünya çempionatlarında iştirak sayı: 2 (1934, 1990)

Dünya çempionatlarında oyun sayı: 4 (2 heç-heçə, 2 məğlubiyyət)

Vurulan-buraxılan qol sayı: 3-6

Ən yaxşı nəticə: Qrup mərhələsi

Dünya çempionatlarında ən çox oyun keçirən misirli futbolçular: Maqdi Əbdülqani, Qamal Əbdülhəmid, Əhməd Əl-Kass, Hossam Hassan, İbrahim Hassan, Hani Ramzi, Əhməd Şobair, Heşam Yakan, Rabi Yassin, İsmail Yusef - hamısı 3 oyun

Dünya çempionatlarında ən çox qol vuran misirli futbolçu: Əbdülrəhman Favzi – 2 qol (1934)

 

DÇ-2018

Qrup mərhələsi

A qrupu

 

15 iyun

18:00. Misir – Uruqvay

“Yekaterinburq Arena”, Yekaterinburq

 

19 iyun

22:00. Rusiya – Misir

Sankt-Peterburq stadionu, Sankt-Peterburq

 

25 iyun

18:00. Səudiyyə Ərəbistanı – Misir

“Volqoqrad Arena”, Volqoqrad

 

 

Təxmin olunan iştirak ərizəsi

 

Qapıçılar: Məhəmməd Avad (“İsmaili”), Essam əl-Hadari (“Əl-Taavun”), Məhəmməd əl-Şənavi (“Əl-Əhli”).

 

Müdafiəçilər: Məhəmməd Əbdül-Şəfi, Əhməd Fəthi, Saad Samir (hər üçü “Əl-Əhli”), Əhməd əl-Məhəmmədi (“Aston Villa”), Ömər Qaber (“Los-Anceles” – icarə), Əli Qabr (“Zamalek”), Əhməd Heqazi (“Vest Bromviç”).

 

Yarımmüdafiəçilər: Hossam Aşur, Abdulla Səid (hər ikisi “Əl-Əhli”), Hüseyn əl-Şahat (“Əl-Ayn”), Məhəmməd əl-Nenni (“Arsenal”), Tarek Hamed (“Zamelek”), Məhəmməd Maqdi (“Enppi”), Mahmud Hassan – Trezeqe (“Kasımpaşa” – icarə”).

 

Hücumçular: Məhəmməd Salah (“Liverpul”), Mahmud Əbdül-Moneym – Kəhraba (“Əl-İttihad”), Əhməd Hasan Koka (“Braqa”), Mərvan Möhsün, Moamen Zəkəriyə (hər ikisi “Əl-Əhli”), Ramadan Sobhi (“Stok Siti”).

0