Berti Foqts: “Mənim üçün nəticə maraqlı deyil”
30.05.2008 - 13:04
Berti Foqts: “Mənim üçün nəticə maraqlı deyil”
Milli komandanı iyunun 1-də Bosniya və Herseqovina, bundan 3 gün sonra Andorra ilə yoldaşlıq görüşlərinə hazırlaşdıran 62 yaşlı mütəxəssisin sözlərinə görə, artıq futbolçuların potensialına bələddir: “Ən əsası odur ki, futbolçuları tanıyıram və taktiki planda işləyib, lazımi düzəlişlər edirik. Hər hansı şans olarsa, bundan istifadə etmək istəyirik. Ancaq bəzi problemlərimiz də var. Futbolçular mövqelərindən çox gec çıxırlar. Halbuki, bunu tez etmək lazımdır”.
B.Foqtsun bu gün keçdiyi məşqi izləyərkən, özünün ayrıca hücumçularla işlədiyinin şahidi olduq. Ancaq çalışdırıcı digər mövqelərdə çıxış edən futbolçulara da diqqət yetirdiyini bildirib: “Jurnalistlərin yalnız hücumçulara diqqət yetirməsi tipik şeydir. Biz daha çox müdafiəçilər və orta sahə oyunçuları ilə işləməliyik. Hücumçuları yalnız qapının qarşısında duranda görürük. Digər futbolçulara baxmaq lazımdır ki, onlar topsuz necə oynayır, zərbə mövqeyinə necə çıxırlar. Topu alan yox, topsuz futbolçunun meydanda necə hərəkət etməsi mühüm şeydir. Bizə topsuz qaçan, meydanda açılan futbolçu daha önəmlidir”. B.Foqts iki gün sonra milli komandamızın baş məşqçi postunda debüt edəcəyi Bosniya və Herseqovina ilə yoldaşlıq görüşünə start heyəti müəyyənləşdirmədiyini söyləyib: “Hələlik əsas heyətdə yer alan 8 futbolçunu bilirəm. Amma konkret adları oyun qabağı elan edəcəyəm. Demək olar bütün mövqelərdə tərəddüd edirəm. Müdafiə, yarımmüdafiə və hücumda kimin ilk dəqiqələrindən oyuna başlayacağı sual altındadır”. Almaniyalı mütəxəssis yoldaşlıq görüşlərində onun üçün nəticə vacib olmadığını gizlətməyib: “Mənim üçün hələlik nəticə maraqsızdır. Daha vacib olan sınaq, test normativləridir. Futbolçuların nəsə etmək istəməsi mənim üçün önəmlidir. Milli komandada iradə, qələbə əzminin olmasını istəyirəm. Nəticəni isə gözləmək lazımdır”.
Qeyd edək ki, B.Foqtsun bu gün 11:30-da hazırlıq keçdikləri Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionunda mətbuat konfransı keçirəcəyi elan olunmuşdu. Ancaq arenada məşqin bitməsini gözləyən zamanı mətbuat konfransının keçirilməyəcəyi məlum oldu. Bunun planda olmadığını deyən almaniyalı mütəxəssis jurnalistlərin təkidindən sonra ayaqüstü sualları cavablandırmağa razılıq verib.
0