[b]DÇ-2018: Mərakeş yığması – DOSYE[/b]
14.05.2018 - 17:01
[b]DÇ-2018: Mərakeş yığması – DOSYE[/b]

Rusiyada keçiriləcək futbol üzrə XXI dünya çempionatının startına 30 gün qalır. Bugünkü dosyemiz mundialın növbəti iştirakçısı Mərakeş yığması haqqında olacaq.

 

Heyətin genişliyini və oyunçuların bacarıqlarını nəzərə alsaq, Mərakeş uzun müddət Afrikanın, onlardan gözlənilən uğurları ortaya qoya bilməyən yığmalarından biri kimi göstərilib. Ancaq nəhayət, bu səfər onlar 20 il sonra da olsa, Erve Renarın rəhbərliyi altında dünya arenasına qayıda bildilər. Yarıdıcı orta xəttin yanına güclü müdafiəni gələndə hər şey ideal görünə bilər, ancaq Malinin qapısına 6 cavabsız qol vurmalarına baxmayaraq, Mərakeş hücumda çətinlik çəkir.

 

DÇ-2018-ə aparan yol: Həlledici məqamlar

 

2016-cı il, noyabr

 

Doğma meydanda Kot’d-İvuarla oyunda qeydə alınan bərabərlik C qrupunun açılış iki oyunundan sonra Mərakeşin aktivində cəmi iki xal olması anlamına gəlirdi. İddialar dünya çempionatına vəsiqənin bu səfər də qazanılmayacağı yönündə idi.

 

2017-ci il, iyun

 

Baş məşqçi Erve Renar Hollandiyanın paytaxtı Amsterdama yola düşür və orada Hakim Ziyexlə danışıqlar aparır. Məqsəd gənc futbolçunu yenidən milliyə qaytarmaq idi. Afrika Millətlər Kubokuna aparılmayan Ziyex buna etiraz olaraq, bir də yığmada oynamayacağını bəyan etmişdi.

 

2017-ci il, sentyabr

 

Ziyex qayıdışını dublla qeyd edir və Mali 6-0 hesabı ilə darmadağın edilir. Ancaq cəmi üç gün sonra bu səfər Malidə oynanılan qarşılaşmadan qol səsi çıxmır. Bu, Kot’d-İvuarın Qabonu məğlub edəcəyi təqdirdə, aradakı fərqin 10-a çıxması və Mərakeşin mundialdan kənar qalması anlamına gəlirdi. Ancaq Kot’d-İvuarın gözlənilmədən doğma meydanda Obameyanqdan məhrum Qabona uduzması Mərakeşi yenidən ümidləndirdi.

 

2017-ci il, noyabr

 

Mərakeşi bərabərlik qane etsə də, birinci hissənin sonlarına doğru iki dəfə fərqlənən “qırmızılar” dünya çempionatına vəsiqəni təmin etdilər.

 

Dünya çempionatına hazırlıq

 

Mərakeş millisi mundiala hazırlıq məqsədilə iki yoldaşlıq görüşü planlaşdırmışdı. Artıq hər iki oyun geridə qalıb. Əvvəlcə Serbiyanı 2:1 hesabı ilə məğlub edən mərakeşlilər ardından Özbəkistana şans verməmişdilər – 2:0.

 

Dünya çempionatında

 

Mərakeş Portuqaliya, İspaniya və İran yığmaları ilə birlikdə B qrupunda mübarizə aparacaq. Şimali afrikalılar ilk oyunda İranla üz-üzə gələcəklər. Növbəti rəqib Portuqaliya olacaq. Mərakeş qrup mərhələsinin sonuncu matçında isə İspaniya ilə münasibətlərinə aydınlıq gətirəcək.

 

Baş məşqçi

 

Erve Renar: 49 yaş (30.09.1968)

 

Renar 2016-cı ildən etibarən Mərakeş millisini çalışdırır. Təsnifat mərhələsi hələ davam edərkən, onun adı Əlcəzair yığması ilə hallansa da, iş yerinə sadiq qalan fransız mütəxəssis 20 il sonra Mərakeşi dünya çempionatına çıxardı. Renarın yenilənmiş sazişi 2022-ci ilə kimi nəzərdə tutulub. O, daha öncə çalışdırdığı Zambiya və Kot’d-İvuar yığma komandaları ilə Afrika Millətlər Kubokunun qalibi olub.

 

Mərakeş

FİFA sıralaması: 42-ci yer

Dünya çempionatlarında iştirak sayı: 4 (1970, 1986, 1994, 1998)

Dünya çempionatlarında oyun sayı: 13 (2 qələbə, 4 heç-heçə, 7 məğlubiyyət)

Vurulan-buraxılan qol sayı: 12-18

Ən yaxşı nəticə: 1/8 final (1986)

Dünya çempionatlarında ən çox oyun keçirən mərakeşli futbolçu: Mustafa Haci – 6 oyun (1994, 1998)

Dünya çempionatlarında ən çox qol vuran mərakeşli futbolçular: Abdürrazzak Xairi, Səlahəddin Bassir, Əbdülcəlil Hədda – hamısı 2 qol

 

Dünya çempionatı

Qrup mərhələsi

B qrupu

15 iyun

20:00. Mərakeş – İran

Sankt-Peterburq stadionu, Sankt-Peterburq

 

20 iyun

17:00. Portuqaliya – Mərakeş

“Lujniki”, Moskva

 

25 iyun

23:00. İspaniya – Mərakeş

Kalininqrad stadionu, Kalininqrad

 

Təxmin olunan ilkin iştirak ərizəsi

Qapıçılar: Yassin Bunu (“Jirona”, İspaniya), Munir Mohand (“Numansiya”, İspaniya), Əhməd Tanyeuti (“İttihad Tanjer” – icarə).

Müdafiəçilər: Badr Banun (“Raca Kasablanka”), Mehdi Benatia (“Yuventus”, İtaliya), Manuel da Koşta (“Başakşəhər”, Türkiyə), Əşrəf Hakimi (“Real”, İspaniya), Ualid əl-Hacam (“Amyen”, Fransa), Həmzə Mendil (“Lill”, Fransa), Romen Saiss (“Vulverhempton”, İngiltərə).

Yarımmüdafiəçilər: Nabil Dirar (“Fənərbaxça”, Türkiyə), Yusif Ait-Bennasser (“Kan”, Fransa), Nordin Amrabat (“Leqanes”, İspaniya), Sofyan Amrabat, Kərim əl-Əhmədi (hər ikisi “Feyenoord”, Hollandiya), Mübarək Bussufa (“Əl-Cəzirə”, BƏƏ), Hakim Ziyex (“Ayaks”, Hollandiya).

Hücumçular: Yasin Bammu (“Nant”, Fransa), Əziz Buhadduz (“Sankt-Pauli”, Almaniya), Xalid Butaib (“Yeni Malatyasport”, Türkiyə), Əyub əl-Kaabi (“Renessans Berkan”).

0