[b]Çempionlar Liqasının finalı yenidən İstanbulda keçiriləcək[/b]
24.05.2018 - 16:10
[b]Çempionlar Liqasının finalı yenidən İstanbulda keçiriləcək[/b]

Çempionlar Liqasında (ÇL) 2019/20 mövsümünün final matçının məkanı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, UEFA həlledici qarşılaşmanı Türkiyəyə verib.

 

Mayın 26-da ÇL-in final görüşünü qəbul edəcək Kiyev şəhərində bu gün UEFA-nın İcraiyyə Komitəsinin iclası baş tutub. Əsas müzakirə mövzusu isə Çempionlar Liqası və Avropa Liqasında (AL) 2019-20 mövsümünün final matçlarının yeri idi. ÇL üçün iki namizəd şəhər var idi. Atatürk Olimpiya Stadionu ilə “Estadio da Luz” (Lissabon) arasında seçim aparan qitə futbol qurumu səs çoxluğu ilə İstanbulu qalib elan edib.

 

Həmin il Avropa Liqasının həlledici qarşılaşması isə Polşanın Qdansk şəhərində oynanılacaq. Avropa Superkuboku isə Portoda keçiriləcək.

 

Qeyd edək ki, Atatürk Olimpiya Stadionu 2005-ci ildə Çempionlar Liqasının final qarşılaşmasını qəbul edib. 3:3 hesabı ilə başa çatan həmin oyunda “Liverpul” “Milan”ı penaltilər seriyası ilə məğlub edib.

0