Azərbaycan milli komandası iki qolla iki seriyanı qırıb
05.06.2008 - 10:15
Azərbaycan milli komandası iki qolla iki seriyanı qırıb
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Azərbaycan futbol yığması iki uğursuz seriyanı qırıb. “APA-Sport” agentliyinin məlumatına görə, səfərdə keçirilən yoldaşlıq oyununda seçmə komandamız 2:1 hesabı ilə qalib gəlib. Son dəfə avqustun 22-də Türkmənistanı 3:2 hesabı ilə məğlub edən Azərbaycan millisi 288 günlük seriyaya son qoyub. Bu dəfə 8 matçdan ibarət qələbəsizliyə düçar olmuş komandamızın antirekordu 27 oyundan ibarətdir. 2004-cü il mayın 28-də Özbəkistanı 3:1 hesabı ilə yenən milli növbəti qələbəsini də bu rəqib üzərində qazanıb. Lakin 2007-ci il martın 7-də baş tutan görüşədək yığma 27 dəfə qələbə həsrəti ilə meydanı tərk edib. Komandamız həm də Berti Foqtsun rəhbərliyi altında ilk qolu gerçəkləşdirib. Fabio Luis Ramimi 17-ci dəqiqədə fərqlənməklə, komandanın 201 gün və ya 403 dəqiqəlik qolsuzluğuna son qoyub. Millinin son qolunu ötən il noyabrın 17-də Finlandiya ilə matçın 63-cü dəqiqəsində Mahmud Qurbanov vurmuşdu.
Qeyd edək ki, 4 oyunluq fasilədən sonra rəqib qapısına yol tapan Azərbaycan yığması 2004-2005-ci illəri əhatə edən dövrdə ardıcıl 9 görüşdə qol vura bilməmişdi.
0