Yunis Hüseynov: “Kiyevin “Dinamo” klubunun futbolçularını Azərbaycana buraxacağına inanmıram”
10.06.2008 - 15:00
Yunis Hüseynov: “Kiyevin “Dinamo” klubunun futbolçularını Azərbaycana buraxacağına inanmıram”
Bu sözləri “APA-Sport” agentliyinə açıqlamasında “Karvan” klubunun baş məşqçisi Yunis Hüseynov deyib. O, bildirib ki, ölkə xaricinə seleksiya xarakterli səfəri məhsuldar alınıb: “Birinci dəstənin iki oyununu – “Dinamo-2” – “Nikolayev” (2:0) və “Obolon” - “Dnepr” (1:1) görüşlərini izlədim. Kiyevdə olmağımdan yararlanıb vilayət birinciliyinin iki, ikinci dəstənin bir matçını – “Knyaja” – “Nafkom” (5:2) qarşılaşmasına da baxdım. Daha çox Kiyevin “Dinamo” klubunun ikinci komandasını bəyəndim. Keçidi mümkün olacağı halda, onların 3 oyunçusunu “Karvan”da görmək istəyərdim. Amma inanmıram ki, “Dinamo” rəhbərliyi əvəzedici heyətin perspektiv vəd edən futbolçularını bizə versin”. Kiyevli oyunçuların keçidi ilə bağlı danışıqların müsbət nəticələnəcəyinə ümidi az olan Y.Hüseynov bəyəndiyi digər oyunçuların tezliklə Azərbaycana gələcəyini gözləyir. 42 yaşlı mütəxəssis adlarını açıqlamadığı ukraynalı futbolçuların keçidi ilə bağlı danışıqların artıq başladığını bildirib: “Obolon”un dayaq yarımmüdafiəçisini çox bəyəndim. Bu komanda güclülər dəstəsinə çıxmağa yaxındır ki, bunda orta sahə futbolçusunun da rolu az deyil. Belə iddialı rəqibdən xal alan (1:1) Çerkassın “Dnepr” klubu turnir cədvəlinin aşağılarında qərarlaşsa da yaxşı oyunçulara malikdir. Xüsusilə də 23 yaşlı müdafiəçini bəyəndim ki, onun komandamıza keçidini həll etməyə çalışacağıq”.
0