Olimpiya mükafatçısı Fuad Aslanov: “Azərbaycan boksunda nəticələrin zəifləməsində baş məşqçi dəyişikliyinin də müəyyən rolu var”
27.08.2008 - 13:56
Olimpiya mükafatçısı Fuad Aslanov: “Azərbaycan boksunda nəticələrin zəifləməsində baş məşqçi dəyişikliyinin də müəyyən rolu var”
Bakı. Elşən Məmmədov - APA-Sport. “Pekin Olimpiadasına cəmi iki boksçumuz lisenziya qazansa da, sevindirici haldır ki, onlardan biri mükafata layiq görüldü”. Bu sözləri “APA-Sport” agentliyinə açıqlamasında 2004-cü il Afina Yay Olimpiya Oyunlarında Azərbaycanın 51 kq çəki dərəcəsində bürünc medal qazanmış boksçusu Fuad Aslanov deyib. Karyerasını 4 il öncə başa vurmuş F. Aslanov bildirib ki, ardıcıl üç yay olimpiya oyunlarında boksçularımızın fəxri kürsüyə yüksəlməsi ölkəmizdə bu idman növünün perspektivindən xəbər verir. O, Afina Olimpiadasına 9 boksçumuzun qatıldığı halda, Pekinə cəmi 2 dəri əlcək ustamızın yollanmasını digər ölkələrin güclənməsi ilə izah edib. F. Aslanov vurğulayıb ki, vəziyyətdən çıxış yolu təcrübənin artırılması və məşq prosesinin gücləndirilməsindədir: “Mənə elə gəlir ki, boksdakı nəticələrin zəifləməsində yığmamızın baş məşqçisi postunda edilən dəyişiklik də müəyyən rol oynadı. Pekin Olimpiadasına lisenziya xarakterli turnirlər öncəsi milli komandamızda baş məşqçi Məmməd Eyvazovu Nəriman Abdullayev əvəzlədi. Yeni çalışdırıcı qısa müddətdə yüksək səviyyəli komanda hazırlaya bilməzdi. Düşünürəm ki, lisenziyaların sayı elə bu səbəbdən xeyli azaldı”.
Qeyd edək ki, indiyədək Azərbaycan boksçularından Vüqar Ələkbərov Sidney (2000), Ağası Məmmədov və Fuad Aslanov Afina (2004), Şahin İmranov isə Pekin (2008) Olimpiadalarında bürünc medala sahib çıxıb.
0