Vüqar Ələkbərov azadlığa çıxdı- YENİLƏNİB
10.09.2008 - 12:00
Vüqar Ələkbərov azadlığa çıxdı- YENİLƏNİB
Bakı-APA. Bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim Əlövsət Abbasovun sədrliyi ilə boksçu, Sidney Yay Olimpiya Oyunlarının bürünc medalçısı Vüqar Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. “APA-Sport”un məlumatına görə, boksçu məhkəmə zalından azadlığa buraxılıb.

Qohumları jurnalistlərə boksçunun günahı sübuta yetirilmədiyinə görə, məhkəmənin onun azadlığa buraxılması barədə qərar qəbul etdiyini bildiriblər. Məhkəmə prosesi qapalı keçirilib, mətbuat nümayəndələri prosesə buraxılmayıb.

Məhkəmədən isə bildirilib ki, Ələkbərovun təqsirləndirildiyi 182.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu ilə tələb etmə) maddə 322.2 ci (özbaşınalıq (eyni əməllər zor tətbiq etməklə törədildikdə)) maddəyə tövsif olunub. Boksçu həmin maddə ilə müəyyən edilən cəzanı (3 ay 23 gün) çəkdiyindən azadlığa buraxılıb.

Qeyd edək ki, Ələkbərov məhkəmənin dünən keçirilən iclasında sərbəst ifadə verərək ibtidai istintaqda verdiyi bütün ifadələrdən imtina edib. O, Cinayət Məcəlləsinin 182.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham olunub. Boksçu K. Quliyevi hədələyərək, ondan 10 min ABŞ dolları tələb etməkdə təqsirləndirilib. V. Ələkbərov bu ilin mayın 16-da Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həbs edilib.


0