Mircavadov reallıqdan danışdı
26.09.2008 - 12:54
Mircavadov reallıqdan danışdı
Bakı. Mehman Süleymanov – APA-Sport. “Avropa çempionatının final mərhələsinə iştirak edəcək milli komandaların sayının 16-dan 24-dək artırılması çox sevindiricidir. Mən bu qərarı alqışlayıram”. Bunu “APA-Sport”a açıqlamasında Azərbaycan yığmasının sabiq baş məşqçisi Ağasəlim Mircavadov deyib.

Mircavadovun fikrincə, 2016-cı ildən tətbiq ediləcək yeni qərar Avropa çempionatının (AÇ) final mərhələsindən kənarda qalan yığmalar üçün sərfəlidir: “UEFA prezidenti Mişel Platini adətən zəif futbol ölkələrinin maraqlarını müdafiə edir ki, bu da yaxşı haldır. Həlledici mərhələdə yer çoxaldığından, ora düşmək şansı artır. Bu, daha çox zəif yığmaların xeyrinədir. Bunu deyəndə, ilk növbədə Azərbaycan yığmasını nəzərdə tuturam. Yeni qərar milli komandamızın final mərhələsinə çıxmaq şansını artırır. Ancaq 2016-cı ili gözləmək lazım deyil. Elə 2012-ci ildə keçiriləcək Avropa çempionatının finalına düşməyə çalışmalıyıq”.

Azərbaycan futbolunun düzgün inkişaf yolunda olduğunu bildirən Mircavadov Rusiyanı nümunə göstərib: “Rusiya futbolunda son illərdə qazanılan bu qədər uğurlar daha çox Vitali Mutkonun gəlişindən sonrakı dövrə təsadüf edir. Uşaq futboluna, klub infrastruktura, əvəzedici komandalara göstərilən diqqətin bəhrəsini gördülər. Federasiya ilə dövlətin birgə işinin nəticəsi olur və artıq bu hal bizdə də müşahidə olunur”.

Mircavadov, həmçinin vurğulayıb ki, AÇ-nin final mərhələsinə vəsiqə qazanmaq Azərbaycan yığması üçün xülya deyil: “Çünki həlledici mərhələyə vəsiqə qazanmağa real baxıram. İnam olmayan yerdə işləmək mənasızdır. Yığmamızın səviyyəli baş məşqçisi var. Berti Foqtsun milliyə gəlişindən sonra yeni komanda yaranır. Bu, bizim yığmadır və Foqtsa hamı kömək etməlidir. Bu, Azərbaycan futbolunu düzgün işıqlandıran jurnalistlərə də aiddir. Mən həmişə demişəm ki, mətbuat futbolumuzun inkişafında böyük rola malikdir”.
0