Yeni FİFA hakimləri
02.10.2008 - 17:38
Yeni FİFA hakimləri
Bakı. Mehman Süleymanov - APA-Sport. AFFA FİFA-ya yeni hakimlərin adlarını göndərib. Bu haqda “APA-Sport”a assosiasiyanın Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov məlumat verib. Məmmədov bildirib ki, 23 yaşlı Orxan Məmmədov, 32 yaşlı Anar Niyazov və 28 yaşlı Maya Nəbiyeva növbəti il beynəlxalq miqyasda təyinat almaları üçün FİFA-ya rəsmi müraciət olunub: “Gənc, perspektivli yan xətt hakimlərimizdən sayılan Orxan artıq Premyer Liqada etimadı doğrultmaqdadır. İngilis dilini əla bilməsi seçimdə ona böyük üstünlük verdi. Məmmədov bu il 45 yaşı olan və qaydalara görə FİFA hakimi statusunu itirən Azad Hüseynovu əvəzləyəcək. Bir müddətlik fasilədən sonra yenidən futzal üzrə FİFA hakimi adını daşımaq istədiyimiz Niyazov Azər Məmmədovu əvəzləyəcək. Azər bu il keçirilən beynəlxalq turnirdə qeyri-obyektiv idarəçiliyə yol verdiyi üçün adını FİFA-ya göndərmədik. Maya isə həmkarlarından heç birini əvəzləməyib. Sadəcə, onun da adı təsdiqlənəndən sonra FİFA hakimi Venera Muradova (1970) və FİFA hakim-köməkçisi Ülviyyə Mustafayeva (1973) ilə birgə qadın hakimlərimizdən ibarət briqada təşkil olunacaq”.

2010-cu ildən FİFA hakimləri ilə bağlı böyük islahatların olacağını deyən komitə sədrinin sözlərinə görə, əsas diqqət ingilis dilinin mükəmməl bilənlərə yönəldiləcək: “FİFA hakimlərindən Babək Quliyevdən fərqli, Vüsal Əliyev və Fariz Yusifova iradlarımız var. Yetişən gənc hakimlərimiz rəqabəti artırıb və onlar ingilis dilini çox yaxşı bilirlər. Əslində, biz artıq gələn il üçün beynəlxalq dərəcəli referilərimizlə bağlı dəyişikliklər etmək istəyirdik. Ancaq Orxan Məmmədovdan fərqli, bir çoxlarının 23 yaşı tamam olmayıb. FİFA-nın qaydalarına görə isə 23 yaşın tamam olması vacib şərtdir. Belə olan halda, FİFA hakimi və hakim-köməkçilərinin siyahısında böyük dəyişikləri 2010-cu ilə saxlamalı olduq. İngilis dilini yaxşı bilməyən hakimlərimiz Biləcəridən o yana gedə bilməyəcəklər”.

Qeyd edək ki, ümumilikdə 14 hakimin adının göndərildiyi siyahıda FİFA hakimləri Vüsal Əliyev (1970), Fariz Yusifov (1972), Babək Quliyev (1974), FİFA hakim-köməkçiləri Ramiz Əsədov (1964), Aydın Ələkbərov (1966), İlham Əliyev (1966), Elman Musayev (1970), Mehman Mahmudov (1975) və futzal üzrə FİFA hakimi Elçin Səmədli (1970) də yer alıb. FİFA ilin sonunadək hakimlərin adlarını təsdiqləyib AFFA-ya göndərəcək.


0