Yunis Hüseynov: həvəsdir, bəsdir!
04.11.2008 - 14:29
Yunis Hüseynov:  həvəsdir, bəsdir!
Bakı. Mehman Süleymanov - APA-Sport. “Komandamız “Olimpik”i üstələmək gücündədir. İnşallah, “Karvan” sabah ölkə kubokunun 1/4 finalına yüksələcək”. Bunu “APA-Sport”a açıqlamasında Yevlaxın “Karvan” klubunun baş məşqçisi Yunis Hüseynov deyib. Onun rəhbərlik etdiyi kollektiv Azərbaycan kuboku uğrunda yarışın 1/8 final mərhələsində ilk görüşündə “Olimpik”ə minimal hesabla uduzub.

Hüseynov sabah Yevlaxda keçiriləcək cavab matçında qalib gələcəklərinə şübhə etmir: “Əslində, “Şəfa” stadionunda keçirilən görüşdə hesab oyuna görə olmadı. Həmin matçda çox yaxşı təsir bağışlasaq da, layiq olmadığımız məğlubiyyətlə üzləşdik. Nəticəyə kapitan Kamal Quliyevin zədə ucbatından əvəzlənməsi böyük təsir göstərdi. Kamalın sağalmasına baxmayaraq, indi də Əziz Quliyev, Süleyman Kamara və Ernani Pereyranın səhhətində problem var. Ancaq heyətdəki itkilər mərhələ keçməklə bağlı inamımızı azaltmır. Yetirmələrimə inandığımdan “Olimpik”i üstələyəcəyimizi söyləyirəm”.

“Olimpik”i zəif rəqib hesab etməyən 43 yaşlı çalışdırıcı rəqib haqda fikir bildirmək istəməyib: “Heç vaxt rəqibimizin güclənib-güclənməməyi haqda danışmamışam. Məni ilk növbədə öz komandam maraqlandırır. Düzdür, “Olimpik” yaxşı müdafiə xəttinə malikdir. Cavab oyununda qol vurmağımız vacibdir və rəqibin qapısına yol tapacağıq. Hiss edirəm ki, komandam “Olimpik”i keçmək vəzifəsinin öhdəsindən gələcək. Özü də biz buna gözəl oyunla nail olmaq istəyirik”.

Baş məşqçi vurğulayıb ki, “Karvan”ı 2006-cı ildə kubokun finalına çıxardıqdan sonra yaranan uğursuz seriyaya da son qoymaq fikrindədir. Hüseynovun sözlərinə görə, qarşıya çempionatla yanaşı, kubokda da nəticə qazanmaq məqsədi qoyulub: “Yadımdadır, mən ötən mövsüm “Standard”ın baş məşqçisi kimi hazırkı komandamı kubokun elə 1/8 finalında mübarizədən kənarlaşdırmışdım. “Karvan”ın yenə bu mərhələdə dayanması düzgün olmazdı. Daha bəsdir! Potensial rəqiblərimizi nəzərə alsaq, finala gedən yolumuz nisbətən asandır. Uğurlu çıxışın təməlini sabah qoymaq fikrindəyik”.

Onu da əlavə edək ki, “Karvan” 1/4 finala adlayacağı təqdirdə, “Turan” - “Qəbələ” cütünün qalibi ilə görüşəcək.
0