Milli Məclisin üzvü Avropa çempionatında güləşəcək
05.11.2008 - 13:13
Milli Məclisin üzvü Avropa çempionatında güləşəcək
Bakı. Aqşin Əliyev - APA-Sport. Noyabrın 13-də Çexiyanın paytaxtı Praqada veteran cüdoçular arasında Avropa çempionatı start götürəcək. “APA-Sport”un məlumatına görə, müxtəlif yaş qruplarında baş tutacaq turnirdə Azərbaycanın şərəfini 9 idmançı qoruyacaq.

Heyətdə yer alan ən titullu cüdoçu Fərhad Rəcəblidir (100 kq). İkiqat dünya və ikiqat Avropa çempionu olan Rəcəbli Praqada güləşməklə yanaşı, həm də baş məşqçi funksiyasını yerinə yetirəcək. Həmçinin, eyni çəkidə dünya çempionu Azər Əsgərov, Əhəd Rəcəbli və Azad Əliyev qüvvəsini sınayacaq.

Qitə birinciliyinə Milli Məclisin üzvü Adil Əliyev də yollanacaq. Növbəti dəfə məsul sınaq qarşısında olan deputatın yüngül zədəsi var. Bununla belə, Əliyev Avropa çempionatında tatami üzərinə çıxmaqda israrlıdır. Özü də o, əvvəlki kimi, 81 kq-da deyil, 73 kq-da çıxış edəcək. Çəkini dəyişmək təşəbbüsü isə Milli Məclis üzvünün özünə aiddir.

Çexiyada kişilərin yarışında Əli Əhmədov (73 kq), Mübariz Cəfərov (81 kq) və Rəsul Sultanov (90 kq) da mübarizə aparacaq. Qadınların turnirində isə ölkəmizi yalnız Zülfiyyə Hüseynova təmsil edəcək. O, veteranlar arasında dünya və Avropa çempionu tituluna malikdir. Keçmiş samboçu qitə çempionatında 70 kq çəki dərəcəsində güləşəcək. Avropa birinciliyinə noyabrın 16-da yekun vurulacaq.


0