Siyasət idmana qarışanda...
14.11.2008 - 12:05
Siyasət idmana qarışanda...
Bakı - APA-Sport. Gürcüstan sambo yığması Rusiyanın Sankt-Peterburq şəhərində bu gün start götürən dünya çempionatına qatılmaqdan imtina edib. “APA-Sport”un məlumatına görə, buna qonşu ölkələr arasında siyasi münasibətlərin gərginliyi səbəb olub. Gürcüstanlı samboçular yarışa ciddi hazırlaşsalar da, həlledici məqamda Sankt-Peterburqa gəlməkdən boyun qaçırıblar.

Rusiya və Avropa Sambo Federasiyasının prezidenti Sergey Yeliseyev gürcülərin bu addımdan təəssüfləndiyini gizlətməyib: “Heyf ki, mütəxəssislər və azarkeşlər bənzərsiz sambo məktəbinə malik olan Gürcüstan nümayəndələrini dünya çempionatında görə bilməyəcəklər. Biz onların Sankt-Peterburqa gəlmələri üçün hər şey etdik. Lakin bir neçə gün öncə mənə Gürcüstan yığmasının məşqçisi zəng vuraraq, çempionatdan imtina etdiklərini dedi. Telefonun o biri başında həm də hönkürtü səsi eşidirdim - əsl hönkürtü, gürcü kişisinin ağlamasını... Bildiyimə görə, onlara yarışa qatılmağı Gürcüstan hökuməti qadağan edib”.

Əvvəllər də analoji halın baş verdiyini xatırladan Yeliseyev bunları deyib: “Mən Gürcüstan idmançılarının halına acıyıram. Az öncə gürcülər Nalçikdə təşkil olunan şahmat üzrə dünya çempionatından kənarda qaldılar. Daha sonra bu ölkənin güləşçiləri Moskvada keçirilən nüfuzlu beynəlxalq turnirdən imtina etdilər. Təəccüblüdür ki, Gürcüstan prezidentinin siyasətini idmançıları özünütəcriddən başqa bir şey kimi qiymətləndirmək olmaz”.

Qeyd edək ki, son dünya çempionatında Gürcüstan samboçuları 2 qızıl medal qazanıblar. Komanda hesabında isə Gürcüstan yığması Rusiyanın ardından ikinci yeri tutub.
0