İstanbul 2020-ci il Yay Olimpiya Oyunlarına namizədliyini verəcək
21.11.2008 - 17:41
İstanbul 2020-ci il Yay Olimpiya Oyunlarına namizədliyini verəcək
Türkiyənin İstanbul şəhəri 2020-ci il Yay Olimpiya Oyunlarına namizədliyini verəcək. Apasport.az saytının məlumatına görə, bu haqda İstanbulda bu gün başlayan Avropa Olimpiya Komitəsinin (EOC) Baş Assambleyasında çıxışında Türkiyə prezidenti Abdulla Gül məlumat verib.

Gül deyib ki, ölkəsi 2020-ci il olimpiadasını təşkil etmək üçün bütün imkanlarını səfərbər edəcək: “İstanbulun olimpiya oyunlarına namizədliyi bu məsələdəki prinsipial mövqeyimizin və olimpiya ideallarına inamımızın göstəricisidir. Türkiyə olaraq, olimpiya ruhuna uyğun şəkildə iddiaçılar sırasına qatılmanın və qalib gəlmək üçün səylərimizi sərf etməyin həyəcanı ilə bu istiqamətdəki qərarlılığımızı davam etdirəcəyik. Siyasi, iqtisadi və sosial sahədə gördüyü tədbirlər sayəsində bu gün müasir və böyük iqtisadiyyata, canlı bir mədəni həyata və yüksək demokratiyaya sahib olan Türkiyənin olimpiya oyunlarını mükəmməl təşkil edəcəyinə şübhəmiz yoxdur”.

Qeyd edək ki, EOC-un toplantısına Azərbaycanı Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə də qatılıb.
0