Nazir oğlu: futbol ictimaiyyətindən üzr istəyirəm
26.11.2008 - 11:31
Nazir oğlu: futbol ictimaiyyətindən üzr istəyirəm
Adı hakimi təhqir və təhdid etməkdə hallanan Türkiyənin idman naziri Murat Başesgioğlunun övladı Hakan məsələyə aydınlıq gətirib. Apasport.az saytının məlumatına görə, o, irəli sürülən bütün ittihamları rədd edib.

“Kastamonuspor” tamamilə gənc futbolçulardan qurulub. Bununla belə, ikinci Liqaya yüksəlməyə iddialıyıq. Amma əsas rəqibimiz “Gümüşhanespor”la görüşün hakimi başımıza oyun açdı. Onun bütün qərarları məqsədli idi. Komandamı uduzdurmaq istəyirdi. Mən də sadəcə, buna etirazımı bildirdim. Təhdid və təhqir söhbəti olmayıb” – deyə Hakan bildirib.

Klubda vitse-prezident postunu tutan Hakan heç vaxt atasının nüfuzuna arxalanmadığını vurğulayıb: “Atamın adından bu günədək istifadə etməmişəm. Aldığım tərbiyə buna yol verməz. Oyundan sonra da rəqib komandanın prezidenti hakimliyə görə məndən üzr istədi. Mən də öz növbəmdə futbol ictimaiyyətindən üzr istəyirəm. Veriləcək istənilən cəzaya da hazıram. Çünki vicdanım rahatdır. Yeganə xahişim hakimin idarəçiliyinin araşdırılmasıdır”.
0