28 yaşlı güləşçi yığmamızın məşqçisi oldu
27.11.2008 - 17:50
28 yaşlı güləşçi yığmamızın məşqçisi oldu
Yunan-Roma güləşi üzrə Azərbaycan milli komandasının üzvü İlqar Abdulov peşəkar idmançı karyerasını bitirib. Apasport.az saytının məlumatına görə, bundan sonra 28 yaşlı pəhləvan məşqçi kimi fəaliyyət göstərəcək. Azərbaycan Güləş Federasiyasının rəhbərliyi onu yığmanın yeni baş məşqçisi Bəhram Mürvətova köməkçi təyin edib.

Həm Abdulov, həm də Mürvətov yeni vəzifələrinin icrasına rəsmən bu gündən başlayıblar. Belə ki, bu gün Gəncə Olimpiya İdman Kompleksində milli komandanın təlim-məşq toplanışı start götürüb. Hazırlıq prosesinə 12 güləşçi qatılıb. Gəncəyə əsas yığmamızın şərəfini qoruyan Rövşən Bayramov, Vitali Rəhimov, Fərid Mansurov da aparılıb. İki həftə davam edəcək təlim-məşq toplanışı dekabrın 18-19-da keçiriləcək Azərbaycan çempionatına hazırlıq xarakteri daşıyır.

Qeyd edək ki, 84 kq çəki dərəcəsində güləşmiş İlqar Abdulov idmançı karyerasında ciddi nailiyyət qazana bilməyib. O, olimpiada, dünya və Avropa çempionatlarından əliboş dönüb. Abdulov, həmçinin ilk və son dəfə qüvvəsini sınadığı Pekin Yay Olimpiya Oyunlarında da uğursuzluğa düçar olub.
0