Avropanın mükafatı: 50 qramlıq qızıl medal?
03.12.2008 - 17:28
Avropanın mükafatı: 50 qramlıq qızıl medal?
2008-ci ildə Avropanın ən yaxşı cüdoçusu seçilən Azərbaycan yığmasının üzvü Elnur Məmmədli hələlik mükafatlandırılmayıb. Apasport.az saytının məlumatına görə, Pekin Yay Olimpiya Oyunlarının qalibinə Avropa Cüdo İttifaqı (EJU) tərəfindən medal və fəxri diplom veriləcək.

Elnur qitənin ən yaxşı cüdoçusu seçilən ikinci azərbaycanlı oldu. Bu ada həmvətənlərimizdən ilk dəfə 16 il əvvəl Nazim Hüseynov layiq görülüb. O, 1992-ci il Barselona Olimpiadasında bütün rəqiblərini üstələyərək, qızıl medal qazanıb. Olimpiadada yüksək texnika nümayiş etdirdiyindən “Azərbaycan pələngi” ləqəbi ilə tanınan Hüseynov sonradan Avropanın ən yaxşı cüdoçusu seçilmişdi. Həmin vaxt EJU ona fəxri diplomla yanaşı, tərkibində 50 qram qızıl olan medal da bağışlamışdı.

Bəs görəsən, Elnur Məmmədliyə nə veriləcək? EJU-nun yaxın günlərdə ölkəmizə göndərəcəyi medalın tərkibində qızılın olub-olmaması məlum deyil. Ola bilsin ki, adıçəkilən qurum 20 yaşlı idmançımıza sadə medal təqdim etsin. Ancaq EJU tərəfindən pul mükafatının ayrılmadığı dəqiqdir.

Yeri gəlmişkən, olimpiya çempionumuzla yanaşı, milli komandanın baş məşqçisi Ağayar Axundzadə də fəxri diplomla təltif olunub.
0