“İnter” klubunun “Birlik Kuboku” turnirində rəqibləri müəyyənləşdi
05.12.2008 - 13:04
“İnter” klubunun “Birlik Kuboku” turnirində rəqibləri müəyyənləşdi
Az öncə Rusiyanın paytaxtı Moskvada “MDB və Baltikyanı ölkələrin çempionlarının Birlik kuboku” turnirinin püşkü atılıb. Apasport.az saytının məlumatına görə, “Futbol Evi”ndə keçirilən tədbirdə təmsilçimiz “İnter” klubunun rəqibləri məlum olub. “D” qrupunda çıxış edəcək Azərbaycan çempionu ¼ finala iki vəsiqə uğrunda “İnter” (Finlandiya), “Ventspils” (Latviya) və “Dordoy-Dinamo” (Qırğızıstan) ilə mübarizə aparacaq.

Digər qrupların tərkibi

A qrupu:
“Rubin” (Rusiya), “Ararat” (Ermənistan), “Aktobe” (Qazaxıstan), “Paxtakor” (Özbəkistan)


B qrupu: “Aşqabad” (Türkmənistan), “MTZ-RİPO” (Belarus), “Ekranas” (Litva), Rusiyanın gənclər yığması

C qrupu: “Şaxtyor” (Ukrayna), “Şerif” (Moldova), “Levadiya” (Estoniya), “Reqar-Tadaz” (Tacikistan)

Tarixində ilk dəfə “Birlik kuboku”na qatılacaq “İnter” Azərbaycanın bu turnirdəki 8-ci təmsilçisi olacaq. İndiyədək bu yarışa yollanan “Neftçi”, “Kəpəz”, “Şəmkir”, “Qarabağ”, U-21, “Bakı” və “Xəzər-Lənkəran” iki dəfə kuboku ölkəmizə gətirə bilib. 2006-cı ildə “Neftçi”, 11 ay öncə isə “Xəzər-Lənkəran” yarışın qalibi olub.

Sayca XVII olan “Birlik kuboku” 2009-cu ilin yanvarın 17-dən 25-dək Moskvada keçiriləcək. Qrup mərhələsinin oyunları yanvarın 17,18 və 20-də, ¼ final mərhələsi 21-i, yarımfinallar 23-ü, həlledici qarşılaşma isə 25-də keçiriləcək.
0