Ağacan Abıyev yığmaya yeni baş məşqçi tapıb
15.12.2008 - 13:29
Ağacan Abıyev yığmaya yeni baş məşqçi tapıb
Azərbaycan Boks Federasiyasının prezidenti Ağacan Abıyevin apasport.az saytına müsahibəsi

- Milli komandamızın üzvləri bir neçə gün əvvəl dünya kubokunda mübarizə apardı. Qeydə alınan nəticələri nə dərəcədə qənaətbəxş hesab etmək olar...
- Moskvada beş idmançımız rinqə çıxdı. Yekunda isə onlardan ikisi bürünc medal qazandı. Fikrimcə, pis nəticə deyil. Amma yaxşı da demək olmaz. Təəssüf ki, yarışa tam heyətlə qatıla bilmədik. Boksçuların dünya kubokunda iştirakı təşkilatçıların dəvəti əsasında reallaşdı.

- Yəni, tam heyətlə yollansaydıq, daha yüksək nəticə qazanmaq mümkün olardı?
- 51, 75 və 81 kq çəki dərəcələrində uğur əldə etmək olardı. Bu çəkilərdə təcrübəli boksçularımız var. Moskvaya apardığımız idmançıların da bir neçəsi sıradan çıxdı. Elçin Əlizadə barmağını, Famil Süleymanov isə qolunu möhkəm zədələyib.

- Sizcə, boksçularımızın belə tez-tez sıradan çıxmasının səbəbi nədir?
- Mən 14 il rinqdə döyüşsəm də, zədə almadım. Bilmirəm, bunlar necə yumruq atırlar. Görünür, boksçularımızı dağlıq zonada fiziki cəhətdən bərkitmək lazımdır.

- Diqqət çəkən məqamlardan biri də Ramal Amanovla Emil Məhərrəmovun çıxışında aşkar geriləmənin olmasıdır...
- Bu, doğurdan da belədir. Səbəb isə hər iki boksçunun çəkilərini dəyişmələridir. Onlar yeni çəkilərdə heç nədirlər. İdmançı gərək öz çəkisinə nəzarət etməyi bacarsın. Əks halda, ortaya əlavə çətinliklər çıxır.

- Dünya kubokunun təşkilatçılığı hansı səviyyədə idi?
- Hər şey ideala yaxın səviyyədə təşkil olunmuşdu. Yalnız bəzi tanınmış boksçular Moskvaya gəlmədilər. Fikrimcə, Bakıda təşkil etdiyimiz analoji yarış iştirakçıların tərkibinə və döyüşlərin səviyyəsinə görə daha güclü idi. Ümumiyyətlə, olimpiadadan sonra böyük turnir keçirmək lazımı effekt vermir. Bu məsələni AİBA-nın İcraiyyə Komitəsində müzakirəyə çıxarmaq lazımdır.

- Səfəriniz ərəfəsində Moskvada milli komandaya yeni baş məşqçi məsələsi ilə məşğul olacağınızı demişdiniz...
- Tanınmış rusiyalı mütəxəssis Yuri Filimonovla ayaqüstü söhbətim oldu. Onun İtaliya yığması ilə müqaviləsinin müddəti yeni başa çatıb. Bakıda işləyib-işləməyəcəyini soruşduqda “baxarıq” dedi. Hər şey konkret təklifdən, danışıqdan asılıdır. Bu məsələni idman nazirliyinin rəhbərliyi ilə də müzakirə etməliyik.

- Komandanı yeni ildən yeni baş məşqçinin çalışdırması nə dərəcədə realdır?
- Bilirsiniz, əslində problem baş məşqçilik deyil, komandalıqdır. Heyətdə yer alan boksçular zəifdirlər. Üç Nəriman Abdullayev, beş Məmməd Eyvazov gətir, xeyri yoxdur. Bu vəziyyətin təməli 2006-cı ildə qoyulub. Boksçularda mübarizlik və qələbə əzmi itib. Nəsildəyişmə prosesi bizə ciddi zərbə vurdu. Ona görə də, vəziyyət düzəlməyəcək. Nəticə qazanmaq üçün material olmalıdır.

- Yəni, belə də davam edəcək...
- Əlbəttə ki, yox. Mən nə edəcəyimi yaxşı bilirəm. Hazırda yığmada yer alan boksçuların bəziləri 800-1000 manat aylıq maaş alırlar. Yeni ildən bu məsələyə fərqli yanaşacağıq. Mütəmadi nəticə qazana bilməyənlərin pulu kəsiləcək. Biz kiminsə qara qaşına və gözünə aşiq olmamışıq. Hər bir boksçu aldığı pulun əvəzini yüksək nəticələrlə verməlidir.

- Peşəkar boksda uğurlu çıxışını davam etdirən Əli İsmayılovun komandadakı taleyi necə olacaq?
- İki işi bir arada görmək mümkün deyil. Əli ilə bununla bağlı söhbətimiz olub. Olimpiadadan bir qədər sonra İsmayılov baş məşqçinin köməkçisi postundan getdi. Əli mübariz döyüşçüdür. Peşəkar boksda da işləri yaxşı gedir. Qarşısına dünya çempionu olmaq məqsədi qoyub. Bizə yalnız ona uğurlar arzulamaq qalır.

- Federasiyanın hesabat seçki konfransının tarixi müəyyənləşmədi?
- Dekabrın 26-da Milli Olimpiya Komitəsinin tədbiri olacaq. Bu səbəbdən federasiyanın konfransını yanvara təxirə saldıq.
0