Azərbaycan idmançıları Avropa çempionatında erməniləri döydülər
18.12.2008 - 12:50
Azərbaycan idmançıları Avropa çempionatında erməniləri döydülər
Azərbaycanın çoxmübarizəli döyüş idman növü üzrə milli komandasının üzvləri Ukraynanın Xarkov şəhərində keçirilən Avropa çempionatında 4 qızıl, 5 gümüş və 2 bürünc medal qazanıblar. Yığmamızın baş məşqçisi Vüqar Muradovun apasport.az saytına verdiyi məlumata görə, qitə birinciliyində ölkəmizin şərəfini 17 idmançı qoruyub.

Həmyerlilərinizdən Aslanbəy İbrahimov (30 kq), Fətəli Məmmədli (35 kq), Siyavuş Bayramov (75 kq) və Orxan Məmmədov (85 kq) qızıl medala layiq görülüblər. Əli İsgəndərli (26 kq), Məhərrəm Seyidov (60 kq), Vasif Abdullayev (66 kq), Anar Gülmalıyev (80 kq) və Məhəmməd Məmmədli (85 kq) 2-ci yeri tutublar. Vəkil Qasımovla (65 kq) Tariyel Dadaşov (75 kq) isə bürünc medalla kifayətləniblər.

Bundan başqa, idmançılarımızdan biri yarımfinalda, digəri isə finalda Ermənistan təmsilçisinə qalib gəlib. 13 ölkədən 200-ə yaxın idmançının qatıldığı çempionatda Azərbaycan ümumi komanda hesabında Ukrayna və Rusiyanın ardınca üçüncü olub.

Qeyd edək ki, Azərbaycan Çoxmübarizəli Döyüş İdman Növü Federasiyası artıq 3 ildir fəaliyyət göstərir. Bu idman növü üzrə keçirilən yarışlarda iştirakçılar hədəfə atəşaçma, silahsız əlbəyaxa və bıçaqla döyüş aparmaqla qüvvələrini sınayırlar. Çoxmübarizəli Döyüş özündə 6 müxtəlif döyüş üslubunu birləşdirir.
0