“Xəzər-Lənkəran”ın üzvü 6 saat cərrah stolunda qaldı
22.12.2008 - 13:53
“Xəzər-Lənkəran”ın üzvü 6 saat cərrah stolunda qaldı
Güləş üzrə Azərbaycan çempionatında xoşagəlməz hadisə baş verib. Yunan-Roma güləşi yığmasının baş məşqçisi Bəhram Mürvətovun apasport.az saytına verdiyi məlumata görə, 66 kq çəki dərəcəsində keçirilən finalda Hüsaməddin Rəcəbov ciddi zədə alıb.

Belə ki, “Xəzər-Lənkəran” klubunun şərəfini qoruyan Rəcəbov “Neftçi”nin təmsilçisi Rəsul Cunayaevlə görüşdə fəndə düşüb. Xalçanın üzərinə düşərkən yaxşı müdafiə olunmayan Hüsaməddin qolunu əzib və qarşılaşmanı yarımçıq dayandırıb. Dərhal xəstəxanaya çatdırılan pəhləvan 6 saat cərrah stolunda qalıb.

Bəhram Mürvətov bildirib ki, Rəcəbov təxminən 3-4 aydan sonra sağalacaq: “Cərrahiyyə əməliyyatı normal keçdi. Çox güman ki, Hüsaməddin yazda sıraya dönəcək. Onun yığmadakı yerini itirdiyini söyləmək olar. Çünki 66 kq çəki dərəcəsində rəqabət çox yüksəkdir. Bu çəkidə iki ən güclü güləşçimiz isə Fərid Mansurov və Rəsul Cunayevdir”.

Qeyd edək ki, Hüsaməddin Rəcəbov 2005-ci ildə dünya çempionatının gümüş medalını qazansa da, sonradan dopinq-testdə ilişdiyindən mükafatdan məhrum olunub.
0