Azərbaycanın 10 ən yaxşı idmançısının adı açıqlandı
24.12.2008 - 21:42
Azərbaycanın 10 ən yaxşı idmançısının adı açıqlandı
Bu gün 2008-ci ilin idman yekunları ilə bağlı təntənəli mərasim keçirilib. Apasport.az saytının məlumatına görə, bununla bağlı “Gülüstan” sarayında təşkil olunan tədbirdə gənclər və idman naziri, Milli Olimpiya Komitəsinin nümayəndələri, müxtəlif federasiyaların prezidentləri, idman veteranları, məşhur idmançılar, olimpiya çempionları, digər idman mütəxəssisləri və jurnalistlər iştirak ediblər.

Mərasimdə müxtəlif nominasiya üzrə qaliblərin adları açıqlanıb. İlin ən yaxşı 10 idmançısı siyahısında 7 yer Pekin Olimpiadasında fəxri kürsüyə yüksəlmiş həmyerlilərimizə verilib. Bundan başqa, yay paralimpiya oyunlarında qızıl medala layiq görülmüş İlham Zəkiyev və Oluxan Musayev, həmçinin karate üzrə dünya çempionu Rafael Ağayev da nominasiyanın qalibi olub.

İlin ən yaxşı komandası qrup hərəkətləri üzrə bədii gimnastika yığmamız olub. 2008-ci ildə Azərbaycanın ən yaxşı idman hakimi Hicran Şərifov (güləş) sayılıb.

2008-ci ilin ən yaxşı 10 idmançısı:

Elnur Məmmədli (cüdo) - Pekin Olimpiadasında qızıl medal

Rövşən Bayramov (yunan-Roma güləşi)- Pekin Olimpiadasında gümüş, Avropa çempionatında qızıl medal

Vitali Rəhimov (yunan-Roma güləşi) - Pekin Olimpiadasında gümüş medal

Mariya Stadnik (qadın güləşi) - Pekin Olimpiadasında bürünc, Avropa çempionatında qızıl medal

Mövlud Mirəliyev (cüdo) - Pekin Olimpiadasında bürünc medal

Şahin İmranov (boks) - Pekin Olimpiadasında bürünc medal

Xetaq Qazyumov (sərbəst güləş) - Pekin Olimpiadasında bürünc medal

İlham Zəkiyev (cüdo) – Pekin Yay Paralimpiya Oyunlarında qızıl medal

Oluxan Musayev (nüvə itələmə) - Pekin Yay Paralimpiya Oyunlarında qızıl medal

Rafael Ağayev (karate) – dünya çempionatında qızıl medal

2008-ci ilin ən yaxşı məşqçisi: Ağayar Axundzadə (cüdo)


Artıq digər nominasiyalarda da qaliblərin adları müəyyənləşib. 2008-ci ilin ən yaxşı federasiyası Güləş Federasiyası, ən yaxşı idman agentliyi “Trend”, ən yaxşı televiziya kanalı AzTV, ən yaxşı idman tarixi yazarı Dilqəm Quliyev, ən yaxşı jurnalisti Gündüz Abbaszadə (ANS), ən yaxşı idman veteranı Feliks Məmmədov (voleybol), ən yaxşı idman həkimi Kamil İsgəndərov (cüdo), ən yaxşı idman cəmiyyəti “Neftçi” İSM və ən yaxşı idman qurğusu Gəncə Olimpiya İdman Kompleksi olub.
0