“Qəbələ”yə gələn futbolçuların adları müəyyənləşdi
07.01.2009 - 17:45
“Qəbələ”yə gələn futbolçuların adları müəyyənləşdi
“Qəbələ” klubunun baxışa çağırdığı legionerlərin adları açıqlanıb. Apasport.az saytının məlumatına görə, Ramiz Məmmədov dörd ölkədən dəvət olunan 5 əcnəbi oyunçunu sınayır.

Baxışa çağırılan serb futbolçu Miodraq Stefanoviç son illər Rusiyada çıxış edib. Rostov OİK-i ilə Premyer Liqaya vəsiqə qazanan 32 yaşlı müdafiəçi bu komandanın əsas oyunçularından sayılırdı. Belə ki, legioner Rusiyanın birinci divizionunda 34 matçda OİK-ə yardımçı olub.

Moldovalı Anatoli Ostap vətənində milli komandada da oynamağa imkan tapıb. 30 yaşlı yarımmüdafiəçi ötən il Litvanın “Vetra” klubunun şərəfini qoruyub.

26 yaşlı Nikolay Losanov universal oyunçulardandır. Karyerası boyu Estoniya klublarında çıxış edən futbolçu əksər hallarda müdafiəçi kimi çıxış etsə də, ötən il hücumçu bacarığını da göstərib. Belə ki, “Trans” (Narva) klubunda keçirdiyi 26 matça 13 qol vurmaqla, bombardirlər yarışına da qoşulub.

Digər estoniyalı futbolçu Aleksandr Kulikin isə son klubu Finlandiyada olub. Ötən il “Rovaniemi”də oynayan 28 yaşlı müdafiəçi əvvəllər də legioner karyerası yaşayıb. O. Estoniya klubları ilə yanaşı, Qazaxıstanın “Astana” komandasının da şərəfini qoruyub. Hündürboy (1,93) futbolçu fiziki göstəriciləri ilə də diqqət çəkir.

Polşalı Tomaş Stolpanın karyerasının böyük hissəsi qitənin şimalı ilə bağlıdır. 26 yaşlı polşalı hücumçu İsveçin bir neçə klubunun formasını geyib. Son klubu İslandiya təmsilçisi “Qrindavik” olan oyunçu hündür boyu ilə (1,88 m) seçilir.
0